Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Prezident Kitabxanası və "AzərTAc"la birgə layihəsi əsasında tərtib olunan "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının təqdimat mərasimi keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət sahəsində çalışan insanlar ölkə başçısının bu sahədə yeritdiyi siyasəti yüksək qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, kitabın nəşr olunması artıq ənənə halını alıb: “Biz hər beş ildən bir ölkə başçısı tərəfindən mədəniyyət işi haqqında verilən sərəncamların, qərarların və başqa tədbirlərin cəmindən ibarət yekunları kitab şəklində nəşr edirik. 2008-ci ildə qərara gəldik ki, 2003-2008-ci illərdə mədəniyyət sahəsində görülən işləri özündə əks etdirən toplu nəşr edək. Məlum oldu ki, cənab prezidentin mədəniyyət sahəsində gördüyü işlər digər sahələrə bərabərdir. Bu, o deməkdir ki, ölkə başçısı Azərbaycan mədəniyyətinə daim diqqət və qayğı göstərir”.
İki cilddə tərtib olunmuş, ümumilikdə 951 səhifədən ibarət olan kitabda İlham Əliyevin 5 illik (2008-2013) fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, habelə mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanılıb.