Bu il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 11-ci dəfə keçiriləcək.
Mədəniyyət nazirliyindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək festivalda Türkiyə, ABŞ, İtaliya, Ukrayna, Rusiya, Çin, Özbəkistan, Belorus, Bolqarıstan, Gürcüstandan gəlmiş ifaçılar iştirak edəcəklər. Solistlər paytaxtın müxtəlif səhnələrində Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcəklər. 2019-cu ilin Üzeyir festivalı həm müddətinə, həm proqramın zənginliyinə, həm də qonaqlarının çoxluğuna görə əvvəlkilərdən fərqlənir.
Qeyd edək ki, hələ Sovet dönəmindən Maestro Niyazinin təşəbbüsü ilə hər il Üzeyir bəyin doğum günündə belə tədbirlər keçirilirdi. 1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 18 sentyabr Milli Musiqi Günü kimi qeyd edilir. 2009-cu ildə dahi musiqiçiyə həsr olunmuş beynəlxalq festivalın əsası qoyuldu.