Dövlət Musiqili Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilib. Teatrdan Lent.az-a verilən məlumata görə, tədbirdə Almaniya, Rusiya, Özbəkistan və bir sıra xarici dövlətlərin nümayəndələri də iştirak edib. “Operettalar aləminə səyahət” adlanan konsert proqramında əməkdar incəsənət xadimi, drijor Nazim Hacıəlibəyəvun rəhbərlik etdiyi Musiqili Teatrın Orkestri ilə yanaşı, xor və balet truppasının üzvləri də çıxış ediblər.
Əməkdar artistlər Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Ələkbər Əliyev, Gültac Əlili, Yuliya Heydərova və başqalarının çıxışları maraqla qarşılanıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tədbiri yüksək səviyyədə təşkil etdiyinə və uğurlu, yaddaqalan çıxışlarına görə Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə təşəkkür məktubu göndərib.