Bilənlər bilir, bizim toplumda üç dua vacibi-əzbər hesab edilirsə, onun biri mütləq “Dil-ağız bağlamaq duası” olur.
Bir çox bazburutlu qadınlar və kişilər belə bu duanı mütləq öyrənir və yeri gələndə təyinatı üzrə tətbiq edirlər.
Hətta, dini kitablar satılan piştaxtalarda da ən çox reklamı gedən kitab elə “Dualar” adlı balaca broşür olur ki, içində mütləq həmin o dil-ağız bağlamaq barədə dua axtarılır, görülür, sizə deyim ki, satıcılar və alıcılar tərəfindən bir-birinə məsləhət də görülür.
Məsələn, Bakı avtovağzalından rayonlara gedən avtobuslara qucağında pirojkilər, muncuqlar, lülə-kabablar, simitlərlə dolu cavan alverçi oğlanlarla yanaşı kitablar satanı da görənlər bilir, o cavan adətən satış reklamına belə başlayır:
- Çərəkədən qalmadı, ay Çərəkə alan, içində nə dua istərsən var, “Ağız bağlama” duası, “Diş ağrısı” duası, ay Çərəkə alan, Elxan Elatlıdan qalmadı, “Adsız tablo”, “Dilənçi qadının sirri”, ay Çərəkə alan... Varis, Qaraqan, Çərəkə, “Dil-ağız bağlama”...
Yeri gəlmişkən, son Bakı səfərimdən qayıdanda belə alverin yeni növünə rast gəlmişdim.
Gənc, müasir görünüşlü mədəni oğlan avtobusa daxil oldu və Bakının mərkəzində masaj ya kosmetik məhsul məkanlarına dəvətli reklam kağızları paylayan gənc qızlar sayağı sakitcə hər kəsə bir fotoşəkil verə-verə sonuncu küncdəki sərnişinə qədər getdi. Əlimdə tutduğum foto hamımızın hər zaman gördüyümüz idi. Mirmövsüm Ağanın stulda oturmuş halında olan məşhur görüntü. Yanımda oturan ortayaşlı qadın ona verilən şəkli öpüb dodaqucu dualar oxumağa başladı, bunu o qədər səmimi və içdən etdi ki, mən də mənə verilmiş şəkli nə edəcəyimi düşünə-düşünə, kənddə onu bağışlayıb sevindirə biləcəyim qonum-qonşu qadınları fikrimdə seçməyə başladım.
- Allah köməyi olsun, Ağa özü bəxtini versin, bu indi gedəcəyimiz yol haqqı, o cavan nə boyda savab elədi, Allah bilir...
Filan və bəşməkan yerləri üçün vergülə, pauzaya çatmağa imkan olmadı qadında.
Çünki bir az əvvəl sakitcə şəkilləri paylayıb yarım kilometrlik avtobusun axırına yollanmış oğlan başımzın üstünü almışdı:
- Nəzirinizi verin Ağanın şəkli üçün.
- Buyur, - şəkli çantamın gözündən çıxarıb bu gənc və perspektivli inanc menecerinə qaytardım.
- Dilin-ağzın bağlanar, eləmə, - dedi yanımdakı qadın, çantasının gözündən nəzir adına pul çıxarıb oğlana verərək.
Susdum.
Nə deyəydim ki?
Elə bu dollar-manat ajiotajının pik günlərində hamı öz oldu ya olmadı, dəxli yoxdu, pulunun qeydinə qaldığı vaxt, məni xeyli güldürən bir əhvalat eşitdim.
Demək, krediti boğazına tıxanıb qalmış cavan bir adam, eləmə tənbəllik, gedib hələ üstəlik sələmlə də birindən borc götürübmüş.
Bu adam nə sürdüyü maşınla, nə geyindiyi əyin-başla, nə də davranışı ilə orta-aşağı təbəqə adamlarına bənzəmir deyə, onun “borcum var” deyə-deyə ağlayıb-sıtqaması da kimsədə mərhəmət oyatmırmış.
Kredit götürdüyü bankların əməkdaşları azmış kimi, indi də sələmlə pul götürdüyü adam hər gün qapısının ağzını kəsdirirmiş.
Borc isə, özü də faizli-sələmli ola, hər gün bir buğda boyu böyüyür, bilirsiz.
Bu adamın borcu onun öz boyuna çatdığı gün, axırıncı xəbərdarlıqları gözlərinin qabağına tutub, yollanır qələmi daşdan kəsərli olan birinin qapısına. Qurban-sadağa, yalvar-yaxar mərhələsi bitər-bitməz, hali-qəziyyədən itiqələm qurbanolduğunu agah edir və yardım istəyir.
Mənzərənin tam aydınlığına yardım kimi, məşhur “Molla əmi, mənə bir dua yaz” sözləri olan səhnəciyi xatırlada bilərəm. Əliağa Ağayevin “Ağıl duası” yazdığı səhnə, ay sağ olun!
- Sənə qurban olum! Canım boğaza yığılıb, adam sabah axşam saat on birə kimi mənə vaxt verib, sabah on bir tamamda qapımda olacaq, nə olar onun dilini-ağzını bağla!
- Qardaşın sənə elə bir qələm vursun ki, o adam sənin qapına gəlmək nədi, öz qapısından da uzağa düşsün, sənnən kəlmə kəsmək istəməsin borc barəsində, sən mənə arxayın ol!
Bəli, qələmi daşdan keçən şəxs, borcu boyundan keçən şəxs üçün həmən qol çırmayıb dua yazır, elə oradaca bitirib də, ipək parçaya tikir və görüşün təhvil-təslim mərhələsinə keçilir.
Daha mən bilmirəm, borcu boyundan keçən adam həmin o qələmi daşdan keçən adama o dua üçün nağdmı pul verir, yoxsa ona da borclu qalır. Bir onu bilirəm ki, adam evinə gəlir və neçə vaxt ərzində ilk dəfə əmin-arxayın, çay-çörəyini nuş eləyib, televizora baxmağa başlayır. Zauru, Mətanəti, Xoşqədəmi ötürə-ötürə, onların verilişlərinə üz tutanların problemlərinə gülə-gülə düşünür ki, bu adamların hamısının bir çarəsi var – onları o qələmi daşdan keçənlə tanış eləyib, dərdlərinə dua yazdırmaq lazımdır, vəssalam.
Elə bu fikirdəykən qohumlardan biri zəng eləyir ki, bəs sənin borclu olduğun filankəsi deportasiya eləyibmişlər, artıq səhər reysi ilə uçub gedib Moskvaya.
Vooouuu!!!
Sevinməyin, atılıb-düşməyin, zırpaket partlatmağın, şar üfürməyin biri bir qəpik olur sabah axşama kimi. Sabah axşam isə...
Düz saat on bir tamamda həyət darvazası təpiklənməyə başlanır.
Sonra bir dəstə qoluzorlu cavan həyətə doluşur: “O filankəs var ha, sən ona filan qədər borclusan ha, bax həmin filankəs təcili filan yerə getməli oldu, bax, o, sənin adını da tutmaq istəmir, sənnən kəlmə də kəsmək istəmir, o qədər bezdirmisən ha! Bax biz onun xalası və əmisi uşaqlarıyıq, bax, biz sənə o filankəs deyilik ha, qaç yeri pulu gətirginən!
Daha bilmirəm nə olur.
Yəqin ki yenə də yalvar-yaxar və vaxt istəmək mərhələsi.
Yadıma düşmüşkən, bir dəfə illər öncə barəsində yazdığım “Deportasiya duası” hələ də aktuallığını itirməyib. Qadınlar Rusiyada olan ərlərinin göndərdikləri pulla Rusiya hökumətinin dilini-ağzını bağlamaq duaları yazdırmağa hələ də sidq-ürəkdən davam edirlər.
Ərləri oralardan buralara qovulmasınlar deyə.