Noyabrın 20-də Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, festival Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimatı ilə açılacaq.
Açılışda məşhur fransız aktyoru Jerar Depardye de iştirak edəcək. Bundan əlavə illüstrasiyaçı rəssam Matyo Sapanla, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.
Qeyd edk ki, filmdə 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın "Qafqaz" əsərində yazdıqlarını incələyərək, onun izi ilə Jerar Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. J.Depardyenin vasitəsi ilə yazıçının niyə məhz bu məkandan təsirləndiyi və əsəri üçün necə ilham aldığı tamaşaçıya aydın olur. Aleksandr Düma kimi Jerar Depardye də səyahət zamanı maraqlı insanlara rast gəlir, bir-birindən gözəl yerləri kəşf edir.