Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu işğaldan azad edilən Cocuq Mərcanlı məktəbinin kitabxanasını lazımi materiallarla təmin edəcək. Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan verilən məlumatda deyilir. Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edəcək. Kitablar hazırda Bilik Fondunun kitabxanasındadır. Fonddan bildirilib ki, bu qərar prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən verilib: “Ötən ilin aprelin 2-də Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq məqsədilə apardığı uğurlu əməliyyatların məntiqi nəticəsi Cocuq Mərcanlıya böyük qayıdış olmalıydı. Lələ təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi Cocuq Mərcanlıda yaşayacaq dinc azərbaycanlı əhalisinə təhlükəsizlik hədiyyəsi oldu. Sərəncam verilən an artıq 190 ailə doğma yurdlarına köçmək istədiklərini dedilər. Bu, çox böyük hadisədir”.
Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılması tapşırılıb.