Dekabrın 18-də dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək tədbirdə yazıçının həyat və yaradıcılığı, Azərbaycanda çap edilən əsərləri barədə geniş məlumat veriləcək.
Dünya şöhrətli yazıçının əsərləri 170-dən çox dildə 60 milyondan çox tirajla çap olunub.
Qeyd edək ki, qırğız və rus dilində yazmış böyük qırğız yazıçısı Çingiz Torekuloviç Aytmatov 1928-ci il, dekabrın 12-də, Qırğızıstanın Şəkər kəndində anadan olub. 1948-1953-cü illərində Aytmatov Bişkəkdəki Kənd Təsərrüfatı universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başlayıb. 1990-1994 illərində Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub. SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı olub. 2008-ci il iyunun 10-da Almaniyanın Nürnberq şəhərində müalicə olunduğu klinikada vəfat edib.
Çingiz Aytmatovun 85 illik yubileyi keçiriləcək
1060