Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. Lent.az-ın məlumatına görə, bu günün bayram kimi qeyd olunmasının əsasını maestro Niyazi qoyub. Azərbaycan Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il bu gün ənənəvi Üzeyir Musiqi Günü kimi keçirilir.
Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Musiqi Akademiyasının və digər musiqi təhsili verən ali məktəblərin, orta ixtisas məktəblərinin nümayəndələri Üzeyir bəyin Fəxri Xiyabandakı məzarını ziyarət edəcəklər. Daha sonra Milli İncəsənət Muzeyinin bağında yerləşən "Güllələnmiş heykəllər" abidəsi ziyarət olunacaq.
Dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında da dahi bəstəkarın anadan olmasının 128 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilməsi planlaşdırılır. Saat 11:00-da Bakı Musiqi Akademiyasının qarşısında Musiqi Gününə həsr olunmuş tədbirdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri çıxış edəcəklər. Günorta saatlarında Musiqi sevərlər dahi bəstəkarın ev muzeyində Elnarə Kərimovanın bədii rəhbərliyi ilə “Buta" kamera xorunu dinləyə biləcəklər. Günün yekununda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Açılışda Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası təqdim olunacaq. Solistlər Fərid Əliyev, Afaq Abbasova, Şahlar Quliyev, Fidan Hacıyeva, Gülyaz Məmmədova, Ələkbər Əliyev, Telman Əliyev, dirijoru Cavanşir Cəfərovdu.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-ə qədər Bakıda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılıb.