Bəxtiyar Vahabzadə <span style="color:red;">- 89
16 avqust 2014 10:42 (UTC +04:00)

Bəxtiyar Vahabzadə - 89

Bu gün mərhum şair Bəxtiyar Vahabzadənin 89 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, o, 1925-ci ildə Şəkidə fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ailəsiylə Bakıya köçüb. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

 

 

Bədii yaradıcılığına 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib, "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 40 il Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. 1990-cı ildə təqaüdə çıxıb.

 

 

Azərbaycan MEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü olub. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinin və Milli Məclisinin deputatı olub. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenləri ilə təltif olunub.

 

 

Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə ADU-dan çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib.

 

 

B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, Anadolu türkcəsi, polyak, ispan, macar, , keçmiş Sovetlər Birliyinin xalqlarının dillərinə tərcümə edilib.

 

 

Xalq şairi 2009-cu il fevralın 13-də 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar