Azərbaycan Dövlət Televiziyası Brilliant Dadaşovanın konsertini lentə alıb. İki hissəli konsertdə xalq artisti “Azərbaycanım”, “Xalqımın günləri”, “Novruzum” və başqa sevilən mahnılarını ifa edib. Lent.az-ın məlumatına görə, bu konsert Nozruz bayramı günlərində nümayiş olunacaq. Birinci hissə “Aləm gözəl”, ikinci hissə isə “Xalqımın günləri” adlanır. Konsertin quruluşçu rejissoru Etibar Babayev, rejissoru Elnur Məmmədovdur.
Redaktor Vidadi Hüseynov bildirib ki, Azərbaycan televiziyası altıncı dəfədir ki, Brilliant Dadaşovanın solo telekonsertini yayımlayacaq: ”Xalq artistimizin ifasında olan mahnılar çox sevilir. Ötən konsert açıq havada olmuşdu. Amma bu dəfə yenidən qurulmuş “Qarabağ” studiyasında çəkdik. Bu, televiziyamızın ən böyük studiyasıdır. Konsert üçün maraqlı dekorasiya qurulmuşdu . Qırmızı royal, qırmızı stullar, qırmızı şamlar studiyamızı bəzəmişdi. 1 saatlıq konsertdə 270 xırda şam yandırıldı...”