Qırğızıstanın paytaxtı Bişkekdə tanınmış Azərbaycan alimi, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin 106 illiyinə həsr edilmiş tədbir keçirilib. Lent.az-ın xəbərinə görə, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Bişkek şəhər Mərkəzi Kitabxanalar Sisteminin birgə təşkil etdiyi tədbirdə Bişkek şəhər Şurasının deputatları, Mədəniyyət və Turizm İdarəsinin, Qırğızıstan Dövlət Kitab Palatasının rəhbərləri, tanınmış ictimai xadimlər, Azərbaycan diasporunun fəalları iştirak edib.
Mərasimdə Mir Cəlalın Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunmuş və ayrıca kitab şəklində nəşr edilmiş “Bir gəncin manifesti” əsərinin təqdimatı da keçirilib.
Daha sonra Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Mir Cəlalın həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib.
Tədbir Bişkek şəhər Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının ifası ilə davam edib. Sonda təqdimatı keçirilmiş qırğız dilində olan “Bir gəncin manifesti” kitabı iştirakçılara hədiyyə edilib.