Lent.az-ın məlumatına görə, sərgidə xəstələrin 50-ə yaxın rəsm əsəri və müxtəlif əl işləri nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, bəzən cəmiyyət ruhi xəstə insanları düzgün qəbul etmir. F. Xəlilov qeyd edib ki, ruhi xəstə olmasına baxmayaraq, bacarıqlı insanları cəmiyyətə çıxarmaq lazımdır: “Bu insanlara anlayışla yanaşmaq lazımdır. İttifaqda da belə insanlar var, amma onlar çox mükəmməl əsərlər yaradıblar. Xəstəxana ilə əməkdaşlığımız ilk addımdır və biz bunu davam etdirəcəyik”.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov deyib ki, artıq 3 ildir, xəstəxanada xəstələrin reabilitasiya prosesi gedir. Onun sözlərinə görə, sərgi xəstələrin əl işlərinin xəstəxanadan kənara çıxarılması və onların cəmiyyətə adaptasiyası üçün çox mühümdür: “Bu bizim üçün çox böyük uğurdur. Qeyd etməliyəm ki, xəstəxanada aparılan reabilitasiya prosesi nəticəsində bir sıra xəstə sağalıb və cəmiyyətdə sərbəst fəaliyyət göstərir”.
Xəstəxanada 40-a yaxın xəstənin rəsm çəkməklə məşğul olduğunu deyən A. Rəsulov bildirib ki, xəstələr həmçinin toxuma, gildən müxtəlif fiqurların hazırlanması və başqa sənət işləri ilə məşğul olurlar. Onun sözlərinə görə, xəstəxanada rəsm, toxuculuq, idman, teatr və musiqi dərnəkləri fəaliyyət göstərir.
Qeyd edək ki, sərgi 1 ay davam edəcək.