“Gürcüstanda azərbaycanlılara məxsus məhv olmuş abidələrin rəsmləri bərpa olunacaq. Bu rəsmlərin çoxu Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundova aid olacaq. O, vəfat edəndə Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilmədi. Onun bu qəbiristanlıqda dəfninə yerli müsəlmanlar icazə vermədilər”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu APA-ya açıqlamasında Tiflisdəki M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva bildirib.
Onun sözlərinə görə, muzey Tiflisdə Axundovla bağlı tarixi yerləri, azərbaycanlıların kompakt yaşadığı müxtəlif məhəllələrin rəsmlərini yaddaşlara əsasən bərpa edəcək: “Bu rəsm əsərlərini Gürcüstan Rəssamlar İttifaqının üzvü, muzeyin əməkdaşı İsmayıl Rzayev çəkəcək. Biz müəyyən etmişik ki, hələlik 8 əsər çəkiləcək, lakin getdikcə bu rəsm əsərlərinin sayı arta da bilər”.
L.Əliyeva Gürcüstanın arxivlərində axtarışlar apardıqlarını və yeni faktlar əldə etdiklərini bildirib: “Məqsədimiz məhv olan tariximizi canlandırmaqdır”.
Rəssam İsmayıl Rzayev isə APA-ya açıqlamasında Tiflisin Şeytanbazar məhəlləsində olan tarixi abidələri 12 yaşında gördüyünü bildirib: “Tiflisdə müsəlman qəbiristanlığı məhv ediləndə mənim ulu babalarım, hətta məşhur tarzən Məşədi Rzabalanın və digər ictimai xadimlərin qəbirləri də yox olub. Onlardan yalnız xatirə olaraq bir daş qalıb. Bu qəbiristanlıqda yatanların ad və soyadları bu daşa yazılıb. Məndə Narınqala və onun ətrafında olan tarixi abidələrimizin eskizləri var. Mən bu abidələri kətana köçürəcəyəm. Metexi qalasının yanında olan Şah Qacarın tikdirdiyi “Şah Abbas” məscidi adlandırılan “Göy Məscid”in də görüntüsünü bərpa edəcəyəm. Bu rəsmlərin bərpası üçün axtarış və zaman lazımdır. Bu uzun prosesdir, amma bizim əsas məqsədimiz missiyamızı yerinə yetirmək və azərbaycanlıların yaşadığı tarixi yerləri rəsm əsərlərində əks etdirməkdir. Bu abidələrin çoxu 1971-1972-ci illərdə məhv edilib. Mənim istəyim odur ki, “M.F.Axundov və Tiflis” barədə silsilə əsərlər yaradım. Bunun üçün muzeydə mənə bütün imkanlar yaradılıb, burada emalatxana da fəaliyyət göstərir”.