Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Rasim Cəfərovun rol aldığı “Torn” qısametrajlı filmi Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, mayın 14-dən 25-dək davam edəcək festivalın “Rejissor həftəliyi” proqramına daxil edilmiş filmin rejissorları Elmar İmanov və Engin Kundağdır.
Azərbaycanın “Fil Production” və Almaniyanın “Color of May” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gələn qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın – ata və oğulun həyatından bir epizod təqdim olunur.
Qeyd edək ki, “Rejissor həftəliyi” Kann festivalının xüsusi paralel proqramıdır və 1968-ci ildəki çıxışlardan sonra yaranaraq bütün dünyanın müstəqil müəllifləri üçün platforma rolunu oynayır. Bir zamanlar burada Verner Hersoqun, Fassbinderin, Hanekenin, Cim Carmuşun, Skorsezenin, Koppolanın və indi məşhur olan o zamankı gənc rejissorların debüt işləri təqdim olunub.