“Ənənədən gələcəyə Azərbaycan cazibəsi” layihəsinin Kann şəhərində təqdimatı layihənin fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb. Sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində görkəmli italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib. Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsi milli musiqimizin müşayiəti ilə nümayiş etdirilib. Kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça ornamentlərinə də geniş yer verilməsi uğurlu alınıb. Kolleksiyada od və nar elementlərindən də istifadə edilib.
Xatırladaq ki, bu kolleksiya ilk dəfə may ayında Bakıda təqdim olunub.