APA-nın məlumatına görə, Milli Musiqi Günü Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd olunur. Bu il ölməz bəstəkarın anadan olmasının 129-cu ili tamam olur.
1885-ci il sentyabrın 18-də Şuşa qəzasına bağlı Ağcabədi kəndində anadan olan Üzeyir ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəylinin musiqi tərbiyəsində müstəsna təsir göstərib. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alan Hacıbəyli burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb.
Üzeyir Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyib, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirib.
Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.
Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 15-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyli operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.
Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.
Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyli muğamla bərabər aşıq musiqisindən də istifadə edib.
Üzeyir Hacıbəyli Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və Arvad" (1909, ilk tamaşası 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası 1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il orada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Hacıbəylinin yaradıcılığında mühüm rol oynayıb, o, "Arşın Mal Alan" musiqili komediyasını məhz burada yaradıb.
Üzeyir bəy 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil edib. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyli burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyib, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaradıb. O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan Türk El Nəğmələri" məcmuəsini nəşr etdirib. Hacıbəyli 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini yaradıb.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradıb. O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olub. Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.
Dahi bəstəkar Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş və Azərbaycan yenidən müstəqilliyə qoşulduqdan sonra yenidən rəsmi status verilən Azərbaycan dövlət himninin müəllifidir. Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları, “Çırpınırdı Qara dəniz” mahnısı, “Aşıqsayağı” kamera-instrumental əsəri, “Qaytağı” xoreoqrafik miniaturü və yüzlərlə digər əsərləri bu gün də musiqisevərlər tərəfindən sevə-sevə dinlənilir.
Dahi bəstəkarın anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilib. UNESCO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd olunub. Üzeyir bəyin anadan olduğu gün Azərbaycanda Üzeyir Musiqi Günü kimi qeyd olunur.
Qeyd edək ki, bu gün Bakıda Üzeyir Hacıbəylinin Fəxri Xiyabanda məzarı ziyarət olunacaq və silsilə tədbirlər keçiriləcək.