Rusiya hökuməti VDNX-da (Vıstavka Dostijeniy Narodnoqo Xozyaystva) yerləşən “Atom enerjisi” pavilyonunu Azərbaycana 50 illiyə icarəyə verib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya hökuməti ilə Azərbaycan Nazirlər Kabineti arasında saziş imzalanıb.
Sazişə əsasən Azərbaycan 50 illik müddətə icarəyə götürdüyü "Atom enerjisi" pavilyonunun hər ilinə 1 rubl məbləğində simvolik pul ödəyəcək. Məqsəd VDNX ərazisində Azərbaycan Respublikasının ticarət-sərgi mərkəzinin yaradılmasıdır. Sazişə əsasən Rusiya tərəfi Azərbaycana 3,1 kv.m ərazisi olan pavilyon təqdim edir. Pavilyon sərgi-ticarət fəaliyyəti, mədəniyyət təbirlərinin təşkili və milli restoranın açılışı üçün istifadə olunacaq.
Qeyd edək ki, sovet dövründən bəri mövcud olan VDNX-da SSRİ-nin 15 respublikasının ayrıca pavilyonu fəaliyyət göstərib. Sovet İttifaqı dağıldıqdan sonra VDNX-nın fəaliyyəti qismən dayandırılıb və adı dəyişdirilərək Ümumrusiya Sərgi Mərkəzi adlandırılıb. Lakin 2014-cü ildənVDNX-nın keçmiş adı yenidən özünə qaytarılıb. 237,5 hektar ərazisi olan VDNX dünyanın 50 böyük sərgi mərkəzlərindən biri sayılır.