Apreldə Gənc Tamaşaçılar Teatrının kollektivi Həştərxan vilayətinə və Kalmıkiyaya qastrola gedəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, 3 teatr direktorları arasında imzalanan yaradıcılıq müqaviləsinə əsasən, kollektiv orda M. F. Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, Y. Şvartsın “Qırmızı papaq” və R. Ağayevin “Bir gecənin nağılı” tamaşaları ilə çıxış edəcək.
Aprelin 8 – 9-da Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında start götürəcək qastrol səfəri, aprelin 11, 12 və 13-də Kalmıkiyanın Elista şəhərində yerləşən B. Basanqov adına Milli Dram Teatrında davam edəcək.
Bu ilin mayında isə Kalmık Milli Dram teatrı Azərbaycana gələcək və 2 tamaşa ilə çıxış edəcək.
Bu ilin sentyabr - oktyabr aylarında Kalmık Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Dövlət Gənc Tamaşaçılar Teatrında Jorj Feydonun “Qadın dərzisi” komediyasına quruluş verəcək.
Qeyd edək ki, qastrol Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.