Ayaz Salayev: "Xanımım bir zamanlar tələbəm idi, indi ailədə mən onun tələbəsiyəm"
05 noyabr 2013 09:36 (UTC +04:00)

Ayaz Salayev: "Xanımım bir zamanlar tələbəm idi, indi ailədə mən onun tələbəsiyəm"

"Kim məndən soruşsa ki,  özünə aid nədən narazısan, deyərdim ki, 10 il ərzində film çəkmədim, ciddi işlə məşğul olmadım. Bunun səbəbini özüm də bilmirəm". Bu fikirləri APA TV-də yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı əməkdar incəsənət xadimi Ayaz Salayev aparıcı İlqar Rəsulun suallarını cavablandırarkən deyib.
 
Ayaz Salayev həyatının “Retro” dönəminə də toxunub: “Sovetlər dövründə "Retro" verilişini apardığım zaman mənə problemlər yaradırdılar. Həmişə deyirdilər ki, cəmiyyət demə, burjua cəmiyyəti de. Biz hər il 7 noyabrda Lenin haqqında danışmalı idik. Mənim məhz o gün verilişdəki çıxışımın tam mətni yadımdadır.  Dedim ki, Lenin akademik şəxsiyyət idi. Onu indi də utanıb çəkinmədən demək olar. Lenin roluna çəkilən aktyorlar barədə danışdım".
 
Ayaz Salayev ailəsini heç nəyə qurban vermədiyini deyib: "Bəziləri deyir ki, ailəmi, hər şeyimi sənətə qurban vermişəm. Mən belə deyə bilmərəm. Mən ailəsiz yaşaya bilmərəm. Yəni, klassik adamam. Xanımım mənim ideyalarımın oxucusu və işlərimlə bağlı məsləhətləşə bildiyim adamdır. Yəni sənət adamı üçün ideal həyat yoldaşıdır. O mənim tələbəm olub. Bir vaxtlar tələbəm idi, indi evdə, demək olar ki, mənim müəllimimdir. Qadınlar hər şeyə intuisiya ilə yanaşırlar. Bu onların kişilərdən üstün cəhətidir. İntuisiyası güclü olan qadının əri bəxtəvərdir. Məndə bütün azərbaycanlılara xas “kişi şovinizmi” yoxdur.  Ona görə maşını da xanımım sürür. Əslində, çox yerdə belədir, ailənin başçısı qadındır. Kişi, sadəcə, evə fiziki dəstəkdir ".
 
Ayaz Salayev sənət adamı ilə yaşamağın çətinliyindən danışıb: "Fikir verirsiniz, sənət adamlarının xanımları hətta özləri heç nə yaratmasalar da, adları istər-istəməz mədəniyyət tarixinə düşür".
 
Kinoşünas Azərbaycanın müasir kino sənətindəki durğunluqdan da danışıb: "Mədəniyyət Nazirliyi cavanlara öz sözünü deməyə imkan yaradır. Mənə çox ssenari gəlir. Amma bunlar o qədər də maraqlı ssenarilər olmur. O ki qaldı indiki nəslə, indi hamı bir-birinə bənzəyir. Bu, artıq yaradıcı adamların problemidir, nazirliyin yox. Ona görə insanlar yavaş-yavaş ələnməlidirlər. Əgər gözəl bir ideya varsa, əminəm ki, onu reallaşdırmağa, lazım gəlsə, milyonlar  da tapılacaq. Bizdə olan yeganə problem yaradıcılıqla bağlıdır. Qalan məsələləri həll etmək olar. Əgər yaradıcılıq olsa, maliyyəni tapıb təşkil eləmək problem deyil, onu haradan olsa taparam. Keçən yay Kann festivalına, sonra Lakarta festivalına getdim. Adam oradakı səviyyədən, ideyadan dəhşətə gəlir. Çox primitiv şeylər onları ağladır, güldürür. Ona görə nə eləmək istəyirsən, burada elə. Orada qeyri-adi nə isə yoxdur".
 
Ayaz Salayev Qarabağ döyüşlərində iştirak etmədiyinə görə təəssüfləndiyini bildirib: "Mən səmimi deyirəm, Qarabağ müharibəsində olmamışam, o müharibənin sınağından keçməmişəm. Həmişə özümü həmin imtahandan keçən adamlar qarşısında borclu  hesab edirəm".

# 1722
avatar

Oxşar yazılar