Arxeoloq danışır: “Əylis kəndi əslində onun adını daşıyır...” - MÜSAHİBƏ
12 fevral 2013 18:11 (UTC +04:00)

Arxeoloq danışır: “Əylis kəndi əslində onun adını daşıyır...” - MÜSAHİBƏ

Bəzən hamının bildiyi dəqiq tarixi gerçəkliyi üzə çıxarmaq xeyli çətin olur. Çünki bu gerçəklik barədə əlimizdə yazılı mənbə olmur. Ona görə də, həmişə belə hesab eləmişəm ki, tarix yazılanlar deyil, yaşananlardır. Bu baxımdan arxeologiyaya daha çox etibar eləmək olur. Çünki arxeoloq əliylə qazıb çıxartdığı maddi-mədəniyyət abidəsinin tarixindən danışır. Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.

 

 

- Bəhlul müəllim, Əkrəm Əylislinin “Daş yuxular”ı Azərbaycanda böyük əks-sədaya səbəb oldu, narazılıq dalğası yaratdı. Mən istərdim əsərdə adıçəkilən Əylis kəndinin tarixiylə bağlı məqamlara aydınlıq gətirəsiniz...

 

- Bilirsiniz, Əylisin tarixi Naxçıvanın, Ordubadın tarixinin bir hissəsi olduğundan, mən istərdim əvvəlcə Ordubadın özünün tarixinə qısaca nəzər salaq. Ordubad ərazisində karst mağaralarının mövcudluğu daş dövründən insanların burada məskunlaşmasına imkan yaradıb. XX əsrin 80-ci illərində Elmlər Akademiyası Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya sektorunun Paleolit ekspedisiyası Ordubad rayonunun Kilit kəndi yaxınlığında daş dövrünə aid insan düşərgəsini qeydə almışdı. Həmin dövrdə rayonun qərb tərəfində yerləşən Gilan çay vadisində tunc dövrünün bütün mərhələlərini və ilk dəmir dövrünü əhatə edən Xalıkeşan, Mərdangölü, Dəlmə, Muncuqlutəpə və Plovdağ nekropollarının arxeoloji tədqiqinə başlanıb. Plovdağ nekropolları və yaşayış yerlərinin tədqiqi hazırda da davam edir. Gilançayın mənbəyinə yaxın, Qapıcıq dağından (3906 m) bir az aşağıda, Qaranquş yaylağında sərt bazalt daşları üzərində ilk tunc dövründən erkən dəmir dövrünədək uzun bir xronoloji dövrü əhatə edən qayaüstü təsvirlər aşkar olunub. Bu təsvirlərdə qədim ordubadlıların həyatı, məşğuliyyəti və dünyagörüşləri öz əksini tapıb.

Ordubad rayonu ərazisində daha bir möhtəşəm abidə - antik dövrdən monqolların yürüşünədək mövcud olmuş, xarabalıqları 100 hektardan artıq bir ərazini əhatə edən Xaraba-Gilan (orta əsr Kiran şəhərinin qalıqları) şəhər yeridir. Rayonun yuxarıda adı çəkilən abidələrində aparılan arxeoloji tədqiqatlar bölgənin qədim dövrlərdən Cənubi Qafqazın yaxın əraziləri, Urmiya ətrafı, Elam və Mesopotamiya ilə sıx iqtisadi-mədəni əlaqələrinin olduğunu sübut edir. Tədqiqatlar göstərir ki, Ordubad abidələri ən çox bol suyu olan Gilan çay vadisində cəmlənib. Bunun əsas səbəbi təbii ki, coğrafi şəraitdir. Belə ki, Naxçıvan ərazisində Araza tökülən çayların vadiləri, eyni zamanda Arazın öz vadisi də qərbdən şərqə döğru getdikcə daralır və suyu da azalır. Daha sonra Vənənd çayı vadisində bir qisim abidələr vardır, Ordubad şayı vadisində isə abidələr nisbətən azdır.

 

- Bəs “Ordubad” sözünün yaranma tarixi barədə nə məlumdur?

 

- Bu ad ilk dəfə Assur hökmdarı Aşşurnasirapalın (e.ə. 883-859-cu illər) salnamələrində Manna ərazisində yerləşən Arduba şəhəri kimi çəkilir. Bundan sonra orta əsrlərə qədər şəhərin adına yazılı mənbələrdə rast gəlinmir. Elə həmin dövrdə, Assur mixi yazılarında Gilan çayın mənsəbində yerləşən Aza yaşayış yerinin adı çəkilir. Qeyd etmək lazımdır ki, erkən dəmir dövründən Gilan çayın aşağı axarı – Aza çayı, yuxarı axarı isə Sak-qarsu (Sak qəbilələrini adı ilə – B.İbrahimli) adlanıb. Mənbəyini Ordubad Göy-gölündən götürən Sak-qarsu öz qədim adını indiyədək qoruyub saxlanıb. Orta əsr ərəb-fars dilli mənbələrdə Ordubad ərazisi bölgənin ən böyük və qədim yaşayış məskəninin adı ilə - Aza-ciran (Azad-Giran) kimi tanınmışdır.

Ordubad ərazisi erməni dilli mənbələrdə Qoltn, Qoxtn, Qoqtn kimi adlanıb. Bu etnonim, yəhudi və xristianların qədim türk tayfalarına verdiyi adlardan biridir. Tarixdən məlumdur ki, xristianlar və yəhudilər bütpərəst tayfaları “qoq”, atəşpərəst tayfaları isə “maqoq”, müsəlmanlar isə (Qurani Kərimdə) müvafiq olaraq “yəcuc” və “məcuc” adlandırıblar. Yəcucların (qoqların) əsas mərkəzi Ordubad rayonu ərazisində Gilan çay vadisində, məcucların (maqoqların – yəni maqların) mərkəzi isə Şərur düzündə Arpa çay vadisində olub. Bunu hər şeydən əvvəl Şahtaxtı və Qarabağlar nekropollarının kenotaf qəbirləri və Axura, Maxta, Tumas və Vedi kimi Avesta toponimləri sübut edir.

Naxçıvan ərazisində Midiya çarı Astiaqın nəslinin – maqların yaşadığını erməni mənbələri bilavasitə təsdiq edirlər.

Ordubad rayonu ərazisində ərəblərin gəlişində kiçik yaşayış məskəni olan, səlcuqların gəlişi zamanı, başqa yaşayış məskənləri kimi dirçələn və nəhayət XVI-XVII əsrlərdə şəhər tipli qəsəbə halına gələn kəndlərdən biri də Əylisdir. Əylis kəndi iki hissədən ibarətdir: Aşağı Əylis, Yuxarı Əylis. Bizim eranın əvvəllərindən ilk olaraq su mənbəyinə yaxın olan Yuxarı Əylis (ancaq “yuxarısız”) yaranıb. Orta əsrlərdə kəndin aşağısında, əylislilərin Dəşt – çöl adlandırdıqları yerdə ermənilər gəlib yerləşdikdən sonra kəndin aşağısında Aşağı Əylisli kəndi yaranıb.

Epiqrafist Afaq Quluzadənin “Əylis” sözünün etimologiyasına, kəndin müsəlman epiqrafikasına və ümumiyyətlə, tarixinə həsr olunmuş məqaləsində olduqca maraqlı məlumatlar var. Müəllifin yazdığına görə, xilafət dövründə Ordubadda islamı yaymaq üçün bir dəstə qoşunla Malik İbrahim adlı qoşun başçısı təyin olunur. Bu şəxs Ordubadda və ətraf kəndlərdə abadlıq işləri ilə də məşğul olub. O, ərəb dilindən tərcümədə igid, qorxmaz mənasını verən əl-Leys ləqəbini daşımışdır. Əylis kəndinin yerində olan yaşayış məskəni əl-Leysə bağışlanmış və buraya onun şərəfinə əl-Leysin kəndi, qısaca olaraq əl-Leys deyilib. Zaman keçdikcə ad dəyişikliyə uğrayaraq indiki “Əylis” şəklinə düşüb. Ermənilər isə kəndin adını təhrif edərək Akulis, Aqulis, İqulis, Yuqyalis, İqalis, Eqalis, Aqulik, Aygeoklik və s. kimi işlədib, buna əsaslanaraq səhv və bayağı etimoloji nəticələr çıxarıblar.

 

- Bu kənddə ilk məscidlərin və kilsələrin tikilmə tarixi məlumdurmu?

 

- Ümumən Ordubadda və Əylisdə ilk məscidlər sərkərdə əl-Leysin vaxtında – VIII əsrdə (hicri 111-ci ildə) tikilib. Əylisin tarixi abidələri sırasına Came məscidi, yaxınlığındakı hamam, bir neçə məhəllə məscidləri, iki mərtəbəli mədrəsə binası daxildir. Aşağı Əylisdə XVI-XVII əsrlərdə tikilmiş kilsə və monastır binaları da var idi.

 

- Buradakı qədim monastrlar kimlərə aid olub?

 

- 1926-cı ildə Azərbaycan Tətbiq və Tətəbbö Cəmiyyəti Naxçıvan şöbəsinin üzvü Seyid Səbri Ordubad qəzasında aparılan çöl-tədqiqat işlərinin nəticələri barədə çap etdirdiyi məqaləsində Əylisdə ətrafı böyük bürclərə əhatələnmiş Vəng adlı monastırda atəşpərəstlərə məxsus od yandırmaq üçün yerlərin (altarların) olduğunu yazıb. Qeyd edək ki, Culfa rayonunun Əbrəqunus kəndindəki bişmiş kərpicdən işlənmiş məscid binasını da ermənilər 1870-ci ildən başlayaraq kilsə kimi istifadə ediblər. Təəssüf ki, sovet dönəmində və ondan sonrakı ilk illərdə baxımsızlıq üzündən, daha sonra təsərrüfat işləri, yeni yaşayış massivlərinin salınması, sənaye müəssisələrinin tikilməsi kimi səbəblər nəticəsində tədricən xarabalığa çevrilmiş qədim kənd məscidləri, kilsələr, qədim hamamlar və qəbiristanlıqlar sıradan çıxıb, onların yerində yeni yaşayış binaları və bağlar salınıb. Bu, həyatın qanunudur. Naxçıvan başdan-başa dağlıq ərazidir, əhali çoxalır, torpaq isə artmır. 

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2993

Oxşar yazılar