Akademik Milli Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən Sabançı Beynəlxalq Teatr Festivalından vətənə dönüb. Teatrdan Lent.az-a verilən məlumata görə, Sabançı vəqfinin, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Teatrları Baş Müdirliyinin təşəbbüsü ilə keçirilən festivalda hər il dünyanın müxtəlif ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edir. Aprelin 14-dən mayın 16-dək keçirilən 16-cı Dövlət Teatrları Sabançı Beynəlxalq Adana Teatr Festivalının proqramına Akademik Milli Dram Teatrının Lənkəran xanının vəziri” tamaşası ilə qatılıb.
Hacı Ömər Sabançı Kültür Mərkəzinin səhnəsində nümayiş edilən tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, bəstəkarı xalq artisti Səyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır. Səhnə əsərində xalq artistləri Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, əməkdar artistlər Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, Aslan Şirinov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Mətləb Abdullayev, Elnar Qarayev, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Vüsal Mustatafyev və Ramin Şıxəliyev iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan teatrlarının ilk dəfə iştirak etdiyi bu festivalda 15 ildə 38 fərqli ölkədən 74 teatr kollektivinin 573 tamaşası nümayiş olunub. Ümumilikdə 5000-ə qədər sənətçinin qatıldığı festivalın 80000-dən artıq tamaşaçısı olub.
Səfər çərçivəsində həmçinin İsrafil İsrafilovla Türkiyə Dövlət Teatrları Baş Müdiri Mustafa Kurtun görüşü də baş tutub. Görüşdə Azərbaycan-Türkiyə teatr əlaqələri, qarşılıqlı əməkdaşlıq münasibətlərinin perspektivləri, o cümlədən Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasını fəaliyyəti müzakirə olunub.