Fevralın 26 – da, saat 19:00-da Nizami Kino Mərkəzində "Mən evə qayıdıram" bədii filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkilmiş filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur.
Çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri (Ağasəlim), Fuad Poladov (müstəntiq Səlimov), Emil Bədəlov (Tərlan Seyidzadə), Murad Abdullayev (leytenant Fərhad Məmmədov), Kamran Ağabalayev (mayor Savalyev), Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenka çəkiliblər.
Müdafiə Nazirliyinin yardımları ilə ərsəyə gələn film hərbi vətənpərvərlik mövzusundadır. Ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir: “Bu film Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinədir”.
Filmində canlı səsyazma sistemindən istifadə olunub. Rejissorun sözlərinə görə, dünyanın qabaqcıl kino ölkələrində istifadə olunan bu sistem indiyədək Azərbaycanda çox az tətbiq edilib: “Çəkiliş zamanı canlı səs yazmaq həm çətin, həm də bahalı işdir. Bu, çəkilişin müddətini ikiqat uzadır. Filmdə xarici aktyorlar da rol aldığından, bu sistemdən istifadə qaçılmaz idi”.