<b>Yandırılan şeirlər, general qızının sevgisi, naməlum şairin mahnıları... – <span style="color:red;">II YAZI </b>
24 aprel 2014 16:22 (UTC +04:00)

Yandırılan şeirlər, general qızının sevgisi, naməlum şairin mahnıları... – II YAZI

Üç gün idi ki, qapıldığı otaqdan çıxmırdı. Qərar vermişdi, amma…hazır idimi? Bax, buna əmin deyildi.

Getməkmi?

Bitdimi?

Elə buracan idimi hər şey?

Bəs sonra?

 

Yerindən durub otaqda var-gəl elədi. Hava qaralırdı. Moskva yatmağa hazırlaşırdı.  Nəhəng, səsli-külü bu şəhər yuxuya gedəcəkdi bir azdan. Amma yox,  32 ildir onu ağuşuna alıb, bütün ölkəyə tanıtdıran bu şəhər, indi, elə bu şər vaxtı onun atacağı İLAHİ bir addıma şahidlik etməliydi həm də.

 

Televizoru yandırdı. Ekranda saat göründü. Əqrəblər 22-nin üstünə tələsirdi. Ekran dəyişdi: “Zaman” başlayırdı. Xəfifcə gülümsündü. Getmək vaxtıdır…

 

Qərar verilmişdi…

 

 

Əvvəli: http://news.lent.az/news/163594

 

 

…İçərişəhərliydilər. Atası Yusif Hacıqasımov (1892-1960) Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, 40-cı illərədək NKVD-də işləmişdi. Anası Mehtəban xanım Hacıqasımova (1905-1980) isə rus dili və ədəbiyyatı müəlliməsi idi. Neçə vaxtdı evli olsalar da, övlad sahibi deyildilər. Hacıqasımovların 3 uşağı olmuşdu, amma bir aylığına belə çatmamışdılar, hamısı tələf olmuşdu.

 

1937-ci il iyunun 4-də Hacıqasımovların 4-cü övladları dünyaya gəlir. Uşaq o qədər zəif doğulur ki, onun yaşayacağına belə ümid olmur. Yusif uşağa Mircəfər adı vermək istəyir. Təkcə NKVD işçisi olduğuna görə də yox. Yəqin bildiniz nəyə işarə edirəm. NKVD zabiti olsa da, Yusif inanclı adam idi. Övladına seyid adı qoyub allah xoş getsin deyə tifilin yaşayacağına inanırdı bəlkə də. Amma Mehtəban xanım israr edir. Uşağa Onegin adını qoyurlar. 1937-ci ildə, böyük rus şairi Aleksandr Puşkinin vəfatının 100-cü ildönümündə dünyaya gələn oğlunu Puşkinin ən məşhur əsərlərindən birinin baş qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə adlandırır. Yusifin yaş kağızı almaqdan başqa əlacı qalmır. Amma bu arada bir məqamı xüsusi vurğulamalıyıq. 7 il sonra onların daha bir oğlu dünyaya gələcəkdi. Həmin uşağa isə Nizami adını verəcəkdilər. Bu dəfə Yusifin israrı ilə…

 

***

 

Amma bizim qəhrəmanımız nə Yusifdi, nə də Nizami. Biz Onegindən, İçərişəhərdən başlayıb uzaq rus kəndi Lyamsinoda bitən bir həyat hekayəsini danışacağıq sizlərə. Film kimi bir həyat. 65 il sürən bu ömür yolunda, bu “film”də kimlər yol almayıb? Kimlər, kimlər…

 

Əslində, Onegin haqqında ilk dəfə bir il əvvəl “Simsar” jurnalında oxumuşdum. Çox maraqlı gəlmişdi mənə. Sırf bir təsadüf məni sonradan Moskvaya aparmışdı. Lyamsino kəndinin yerləşdiyi Domodedovo rayonunda olarkən Onegin yadıma düşmüşdü, Həmin qəbiristanlığı tapmışdım. Onegin dəfn edilən qəbiristanlığı. Qəbrinin üstündə isə elə beləcə də yazılmışdı: “İerosximonax  Simon (4.06.1937 – 30.08.2002)”.

 

Həmin vaxt o məzarın üstündən geri dönmüşdüm. Ancaq Oneginin həyatı hər zaman məni düşündürürdü. Nəhayət, qərar qəbul edib, bu istedadlı azərbaycanlının həyatını araşdırmaq üçün Moskvaya səfərə getdik. Səfərin reallaşmasına göstərdiyi dəstəyə görə Bakcell şirkətinə təşəkkürümüzü bildiririk...

 

Hə, xristianlığı qəbul etmişdi, ömrünün son illərində, monastıra getmişdi. Oğlu Yusifin sonradan bizə dediyi kimi, “bu dünyanın adamı olmaqdan təngə gəlmişdi”. Amma buna qədər, hə elə bu addımadək Kalininqraddan tutmuş Vladivostoka qədər uzanan SSRİ adlı dövlətdə məmə deyəndən, pəpə yeyənə kimi hamı onun mahnılarıyla nəfəs alırdı, oğlanlar qızlara onun sevgi şeirlərini göndərirdilər, dostları onunla fəxr edir, rəqibləri isə…onu içirdib dəli etməklə məşğul idilər.

 

Bütün bunlara isə qayıdacağıq.

 

***

 

Hamı kimi orta məktəbə gedir Onegin. Məktəbi bitirən kimi Moskvada, Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Elə sonrakı keşməkeşli taleyi də bu şəhərə bağlanır.

Həddən artıq istedadlı olan bu gənc “Qorki”dəki qızların sevimlisi imiş. Deyilənə görə, nəinki qızlar, hətta oğlan tələbələr belə onun yataqxanadakı otağının qapısından çəkilmirmişlər. Hamısı şeir üçün o qapını döyürmüş. Ki sevgililərinə oxumağa bir şeir alsınlar ondan. Bu bakılı balasının yüzlərlə belə şeiri var ki, heç yerdə çap edilməyib. Eləcə yaddaşlarda qalıb.

 

Elə birinci kursdaykən onu əsgər aparırlar, Hərbi Dəniz Qüvvələrində xidmət edir. Nəvəsi Trifon danışır:

 

“Babamı, yəni gənc şairi gəmidə heç bir iş görməyə qoymurmuşlar. Mən onu görməmişəm. Amma dostları danışardı ki, kefi istədiyi vaxt yuxudan dururmuş, yatırmış, heç bir xidmətə getmirmiş. Onu “Puşkin” deyə çağırarmışlar. Komandir heyətdən kimin arvadının, ya yaxının ad günü olsaymış, “dənizçi Hacıqasımov, axşama təcili yaxşı bir şeir” deyə əmr edərmişlər. Babam isə çox ilhamlı imiş. Heç soruşmazmış ki, bu adam sənin nəyindir? Yazıb verərmiş. Bilirsiz nə qədər şeiri itib beləcə? Hərdən atama deyirəm. Deyirəm ki, bir də görürsən hansısa rus müğənni sözləri naməlum şairə məxsus hansısa bəstəni oxuyur. Deyirəm ata, bəlkə elə babamın şeirdir? Ruhundan hiss edirəm. Ürəyimə damır ki, onun şeirləridir”.

 

Trifon bir maraqlı əhvalatı da nəql edir. Deyir, babası birinci kursda oxuyanda Nina adlı bir qızı sevirmiş. Elə qız da ona biganə deyilmiş.

 

“Babam əsgər gedəndən 2 ay sonra bu qız başqasını sevməyə başlayır. Tələbə yoldaşları da bu barədə babama yazırlar. Babam nə etsə yaxşıdır? Həmin o Ninaya 500-dən çox şeir yazıb göndərir. Hamısı da “Qayıt, sən mənim olacaqsan”, “Sənsiz yaşaya bilmərəm”, “Səni sevirəm” tipli. Sonradan həmin xanımı axtarıb tapmışdıq. Moskva ətrafındakı qəsəbələrin birində müəllim işləyirdi. Amma çox, həddindən artıq məyus qayıtdım onun yanından. Əvvəl dedi ki, belə bir adamı xatırlamıram. Sonra da qayıtdı ki, hamısını yandırmışam, mən də heç bir məktub, şəkil qalmayıb. Maraqlıdır ki, onun da taleyi haradasa babamınkına bənzəyir. 3 dəfə evli olub, babam kimi. Və heç bir evliliyi də alınmayıb”.

 

Amma Oneqin əsgərlikdən qayıdandan sonra evlənir. Mariya Beybutova adlı xanımla ailə quran Oneginin bir oğlu olur. Adını Yusif qoyurlar. Amma bu evlilik çox çəkmir. Beş ildən sonra Onegin Beybutovadan ayrılır…

 

***

 

Qəribə adam imiş Onegin. Məsələn, onun bu və ya digər situasiyada necə davranacağını ən yaxın dostları belə proqnozlaşdıra bilməzdilər. Şən, kefcil adam imiş. Bir az da sərgərdan həyat tərzi sürürmüş. Buna baxmayaraq, onu SSRİ Teleradio Komitəsində işə götürüblərmiş. Orada da dinc dayanmırmış. Olduqca intizamsız imiş. Amma istedadına, hə, məhz istedadına görə, ona dözürmüşlər.

 

Trifon deyir ki, babası 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar-şairlərdən biri imiş. Onun sözlərinə məşhur bəstəkarlar mahnı bəstələyir və populyar müğənnilər tərəfindən ifa olunurdu. Polad Bulbüloğlu, İosif Kobzon, Alla Puqaçova, Yuri Antonov, Sofiya Rotaru, Müslüm Maqomayev… Sovet estradasının nəhəngləri. 

 

- Bir dəfə hansısa restoranda müğənni Poladın repertuarından “Telefon” mahnısını (mahnının əsil adı “Zəng et” adlanır) oxuyurmuş. Mahnının müəllifi kimi hansısa rus şairin adını çəkib. Babam heç nə deməyib Sadəcə durub yerindən, müğənniyə yaxınlaşıb, mikrofonu alıb əlinə deyib ki, ayıb olsun. Heç kim heç nə başa düşməyib. Milis çağırıblar. Milis gələn kimi deyib ki, məni hara istəyirsiz apara bilərsiz, amma icazə verin iki mahnı var, onları zümzümə edim. Milislər heç nə başa düşmürlər, amma deyirlər oxu. Bu da Müslim Maqomayevin oxuduğu “Lunnaya serenada”nı və Alla Puqaçovanın “Veryu tebya”sını zümzümə edir. Milislər qolundan turlar ki, bəsdir, getdik, xuliqan (Gülür). Babam da qayıdıb deyir ki, bayaqkı mahnının da, bunların da sözlərinin müəllifi mənəm. Restorandakı müştərilər babamı alqışlayırlar. Hərə öz stoluna çəkib aparmaq istəyir. Babam da kefcil adam. Restoran bağlanan qədər dostlarıyla yeyib-içirlər. Axırda da şəkil çəkdirən kim, avtoqraf alan kim…

 

***

 

Onegin ikinci dəfə Tatyana adlı qızla evlənir. Sovet generalının qızı imiş. Onlar Moskvada “Taqanka” teatrında tanış olmuşdular. Tanya ilk baxışdanca Oneginə vurulmuşdu.

Deyilənə görə, Tanya Onegini atasıyla tanış edəndə general bircə kəlmə “yox” deyib. Üst-başı səliqəsiz bir görkəmdə olub Onegin.

 

Generalın bağına təyin olunan həmin görüşdə Onegini görən kimi Tanyanın anası bir kəlmə demədən durub gedib. Az sonra atası ayağa qalxıb, elə beləcə də deyib: “Cavan oğlan, bir də buralara hərlənməyin”.

 

Onegin də bir söz deməyib, çiyinlərini çəkib, bağı tərk edib. Amma bir həftə sonra Tanya və Oneginin sorağı Krasnoarmeyskdəki ZAQS-dan gəlib. Cütlük nikah bağlayaraq ata və ananı fakt qarşısında qoyublar. Bir il sonra isə onların bir oğlu olur. Və…

 

Və maraqlıdır ki, Onegin bu uşağın da adını Yusif qoyur…

 

(Ardı olacaq)

 

Səbuhi Məmmədli,

Moskva

 


(Bu araşdırmanın hazırlanmasında göstərdiyi dəstəyə görə Bakcell şirkətinə təşəkkür edirik)

# 3412
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar