Niyə  "Qara keşiş kimi   ortada bitmək" deyirik? -   Belə yaranıb
15 may 2024 15:17 (UTC +04:00)

Niyə "Qara keşiş kimi ortada bitmək" deyirik? - Belə yaranıb

Yersiz yerə işin içinə girən, kimlərinsə xeyir işlərinə mane olan, nifaq yaradan adamlar haqqında “Qara keşiş kimi ortada bitdi” ifadəsi işlədilir. Bu Qara keşiş kimdir, o niyə  ortada bitir? Bu barədə yəqin məlumatlı olmaq istərdiniz.

Lent.az “Belə yaranıb” rubrikasında həmin o Qara keşiş haqqında məlumat verir.

Bu ifadə Azəraycanın məşhur “Əsli və Kərəm” dastanı əsasında yaranıb.  
Dastana görə, övladları olmayan Ziyad xanla, onun vəziri Qara keşiş əhd edirlər ki, övladlarını birlikdə böyütsünlər, uşaqlar oğlan və qız olarsa onları evləndirsinlər.

Qara keşişin qızı olur. Uşaqlar yetkinlik yaşına çatanda keşiş öz qızını müsəlman oğlana vermək istəmir, buna görə, vəzirlikdən əl çəkib, xanlığın ərazisindən qaçır.

Əsliyə aşiq olan Kərəm onu tapmaq üçün diyar-diyar gəzir, başına çoxlu müsibətlər gəlir. Nəhayət  illər sonra Əslisini tapır. Qara keşiş zor gücünə qızı Əslini Kərəmə verməyə razı olur, amma toy günü Əslinin geyindiyi libasa  cadu edir.  Əsli ilə Kərəm toy gecəsi yanaraq ölürlər. Onları yanaşı dəfn edirlər.  

Nakam aşiqlərin məzarlarının  hər birindən bir qızılgül fidanı bitir və bir-birinə sarmaşmağa çalışır. Lakin ortada bir qaratikan kolu bitir və bu çiçəkləri qovuşmağa qoymur. Hər nə qədər tikanı qırırlar, o yenidən boy atıb, ortalıqda divar kimi dayanırmış.

Deyilənə görə, həmin qaratikan da Qara keşişin ruhu olub, ortalıqda bitib, yenə sevənlərə mane olub.

Ona görə, pis adamlar haqqında “Qara keşiş kimi ortada bitib” ifadəsi işlədilir.

Azərbaycanda bu Qara keşişin həmişə erməni millətinə aid olduğu güman edilib.

Qeyd edək ki, araşdırmalara görə, dastan qərəmanlarının qəbirlərinin qədim Gəncə ərazisində olması haqda söhbətlər gəzir.  Göygöl rayonunun “Qara keşiş yurdu” adlanan Kərəmli kəndinə Əsli və Kərəmin məzarları deyilən iki məzar var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3582
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar