Azərbaycanın əməkdar artisti dünyasını dəyişib.
Lent.az-ın "Report"a istinadən xəbərinə görə, Nəcəf Bəy Vəzirov adına Lənkəran Dram Teatrının aktyoru əməkdar artist Təvəkkül Əliyev 65 yaşında vəfat edib.
Onun bu gün səhər saatlarında ürəktutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Təvəkkül Əjdər oğlu Əliyev 1951-ci ildə anadan olub.
O, 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub. Daha sonra o, N.Xəzrinin "Sən yanmasan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Hikmətin "Bayramın birinci günü", A.P.Çexovun "Yubiley", M.İbrahimovun "Kəndçi qızı", M.Musiyenkonun "Nəsillər, eşidin!", V.Şekspirin "Qış nağılı", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə.Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaradıb. O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edib. Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşıdır.
25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!