Nizami Kino Mərkəzi və “Ədibin Evi” Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.
Filmin nümayişindən əvvəl çıxış edən Nizami Kino Mərkəzinin rəhbəri Leyli Mirzəyeva və “Ədibin Evi”nin nümayəndəsi Elnur Əlibəyli ekran əsəri və “Ədibin Evi” haqqında məlumat veriblər.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev ekran əsərinin çəkilmə tarixi haqqında danışıb: “Bu il “Bir ailə” filminin 75 illik yubileyidir. Bu yubiley çox əlamətdar bir dövrə düşür. Bu il biz görkəmli ədib, alim, istedadlı pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyini, böyük bəstəkar Qara Qarayevin 100 illik yubileyini keçirir, həmçinin Azərbaycan kinosunun 120 illik yubileyini qeyd edəcəyik. Bu tədbirlərlə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb”.
C. Quliyev bildirib ki, film 2008-ci ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə bərpa olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə Rusiyadan gətirilmiş bu film artıq Dövlət Film Fondunun qızıl fondunda qorunub saxlanılır: “Filmin çəkilişləri 1942-ci ildə - çox çətin bir dövrdə, müharibə dövründə başlanıb. O zaman Bakıya təxliyə olunmuş sovet rejissorları Qriqori Aleksandrov və Aleksandr İvanov gəlmişdilər. Bakı Kinostudiyasında üç film - “Xəzər dənizçiləri” sənədli filmi, “Bir ailə” və “Sualtı qayıq T9” bədii filmləri çəkildi. Əfsuslar olsun ki, bu filmlərin taleyi ağır oldu. Çünki onlarda Azərbaycan xalqının şücaəti, qəhrəmanlığı, Böyük Vətən müharibəsinə misilsiz xidmətləri göstərilirdi. Təbii ki, bu, Moskvada, Kremldə əyləşən yoldaşların xoşuna gəlmədi. Ona görə də bu filmlərə qadağa qoyuldu”.
Daha sonra film nümayiş olunub.
Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökumə Qurbanova və digərləri çəkiliblər. Filmin ssenari müəllifi Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur.
“Bir ailə” bədii filminin çəkilişləri müharibənin ən çətin və qızğın dövründə Bakıda aparılsa da, film sonra ekranlara buraxılmayıb. SSRİ Dövlət Film Fondunun Vətən filmləri şöbəsinin rəfində qalan filmə Sovet senzurası belə rəy verib: “Film Sovet xalqının alman işğalçıları ilə mübarizəsini zəif əks etdirir”.