Haluk Levent işi: "Evli olduğunu həbsxanada öyrəndim"
16 iyul 2026 16:42 (UTC +04:00)

Haluk Levent işi: "Evli olduğunu həbsxanada öyrəndim"

0

AHBAP Dərnəyində korrupsiya iddiası ilə bağlı aparılan istintaq çərçivəsində şübhəlilərin ifadələri açıqlanmaqda davam edir.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, şübhəlilərdən Nurdan Eriş hakim qarşısında verdiyi ifadədə bildirib ki, Haluk Leventlə 2016-cı ildə İsveçrədə tanış olub:

"Orada öz biznesim var. Bu adam mənim hisslərimdən çox istifadə etdi. Uşaqlarım atasız böyüdükləri üçün ona bağlanmışdılar. Məni aldatdı".

Eriş onların 2018-ci ildə evləndiklərini bildirərək deyib:

"2018-ci ildə şirkətimi satdım. Ondan əvvəl də Amerikadakı şirkətim vasitəsilə ona pul göndərmişdim. Məndən istifadə etdi. Çox vaxt mənə deyirdi ki, borclarım var, ödəməliyəm, sələmçilər var, mafiya məni izləyir. Bir dəfə də AHBAP-a pul köçürdüm".

Nurdan Eriş ifadəsinin davamında bildirib:

"Mən xaricdə yaşadığım üçün məni sadəlövh hesab edib. O pulları da birbaşa ona göndərmədim. Əvvəlcə Emrah bəyə və Zafer Yaya göndərdim. Keçən həftə məndən son dəfə 15 min lirə istədi. Mən də dedim ki, artıq heç nə qalmayıb. Soruşdum, bu pulu nə edəcəksən? Dedi ki, çek işi ilə bağlı lazımdır. Soruşdum, vəziyyət düzələcəkmi? Özünü toparlayacaqsan? Dedi ki, bəli, konsertlərim davam edə bilər. Hazırda özümü axmaq kimi hiss edirəm".

O bildirib ki, şübhələnsə də, H.Leventə inanmağı seçib:

"Bir neçə il əvvəl məndən Türkiyəyə gəlməyimi istədi. Gəldim. Mənə pul göndərdi, ev kirayələdik. Uşaqlarımı məktəbə qoydum. Məktəb xərclərini və dolanışıq üçün lazım olan pulu da göndərirdi. Sonra yenidən əvvəlki şirkətimə qayıtdım və oradan gəlirim oldu. Dedim ki, artıq səndən pul istəmirəm, sadəcə borclarımı ödə. Son 4-5 ildə evə demək olar ki, heç gəlmirdi, arabir gəlirdi. Mən artıq boşanmaq qərarı vermişdim. Burada nəyinsə düzgün olmadığını başa düşdüm, amma çox gec anladım. İnanmaq istəyirdim, çünki bütün Türkiyə ona güvənirdi. Axı o, zərərçəkmiş qızlara kömək edirdi".

Nurdan Erişdən sonra hakim qarşısına çıxarılan digər şübhəli Sevda Kurt isə Haluk Leventə 90 milyon lirə borc verdiyini bildirib. Onun ifadəsi də diqqət çəkib.

Təxminən 20 il ABŞ-da yaşadığını deyən Kurt bildirib:

"Türkiyəyə qayıtmaq qərarı verdim. Yaşlı bir ailəyə kömək etmək üçün AHBAP-a məktub yazmışdım. Haluk bəylə də bu yolla tanış olduq. Görüş keçirdik. Mənim varlı olduğumu başa düşəndən sonra hər gün mənə zəng etməyə başladı".

Haluk Leventin onu yeməklərə və konsertlərə dəvət etdiyini deyən Sevda Kurt bildirib:

"Mənə deyirdi ki, evlənəcəyik, uşaq sahibi olacağıq. Evli olduğunu bilmirdim. Bunu cəmi 2-3 gün əvvəl təcridxanada öyrəndim. Ona inandım. Deyirdi ki, borclarını ödəsək, evlənəcəyik. Mən də Amerikadakı pullarımı Türkiyəyə gətirdim".

Sevda Kurt bildirib ki, aldığı pulları Haluk Leventin göstərişi ilə başqa şəxslərin hesabına köçürüb:

"Pulları ona dollarla verirdim. Pulu alandan sonra yoxa çıxırdı. Çox çətinliklə geri ala bilirdim. Sonuncu dəfə 2025-ci ilin martında ona pul verdim. Bu dəfə anam və atamla da tanış oldu. Onlar da ona inandılar. Yenə dedi ki, evlənəcəyik. Mənim evlilik arzularım oğurlandı. Mənə borcludurlar və pullarımı qaytarmayıblar. Mən zərərçəkmişəm".

Qeyd edək ki, Nurdan Eriş barəsində həbs qətimkan tədbiri seçilib, Sevda Kurt isə məhkəmənin nəzarət tədbiri tətbiq etməsi ilə sərbəst buraxılıb.

Xatırladaq ki, AHBAP Dərnəyi ilə bağlı korrupsiya iddiaları üzrə aparılan istintaq çərçivəsində saxlanılan 25 şübhəli dünən İstanbul Respublika Prokurorluğuna aparılıb. Prokurorluq və məhkəmədə dindirilmələrdən sonra Haluk Levent də daxil olmaqla 14 nəfər barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar