“Sonuncu dəfə Alim Qasımovun papağını tikmişəm”-REPORTAJ
07 dekabr 2013 22:12 (UTC +04:00)

“Sonuncu dəfə Alim Qasımovun papağını tikmişəm”-REPORTAJ

20-ci əsrin əvvəllərinə qədər papaq Azərbaycanda baş geyimi olmaqla yanaşı həm də mentalitet simvolu sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi. Bu həm də papaqçıların sifarişinin çox olması demək idi. Bu sənətlə məşğul olan insanların sifarişi, gəliri indi necədir?

 

Papaqçı Ramin sifarişlərdən o qədər də narazı deyil. Papağa maraq əvvəlki kimi olmasa, lazimi qədər sifarişlərin olduğunu deyir: “Düzdür, əvvəlki kimi deyil. Satışlarımız, sifarişlərimiz bir ara çox azalmışdı, amma indi artıb”.

 

Papaqçılıq sənəti Azərbaycanda həmişə gəlirli peşələrdən hesab olunub və inkişaf edib. Bu peşəyə maraq da elə keçmişdən bu sənəti yaşadanlar tərəfindən nəsildən-nəsilə ötürülüb. Raminin də bu peşəni seçməsi təsadüfi deyil: “Bu sənət mənə babamdan keçib. Əvvəllər babama kömək edirdim. Babam 50 il bu sənətlə məşğul olub. Mən də 7 ildir ki bu sənətlə məşğulam”.

 

Bir papağın tikilib başa çatması bəzən 3-4 saat, bəzənsə bir gün vaxt aparır. Əvvəl papaq üçün müəyyən edilmiş dərinin növü seçilir. Sonra sifarişçinin baş ölçüsünə uyğun olaraq dəri biçilib-kəsilir. Papağa hazırlanan içlik dəriyə tikilir və qəlibə qoyulur. Papaqlar əsasən, qaragül quzularının dərisindən hazırlanır ki, həmin qoyun növü ölkəmizdə yoxdur. Bu dərilər Özbəkistandan gətirilir. Hətta elə quzular var ki, dərisini almaq üçün ana bətnində boğulur. Buna görə həmin dəridən hazırlanan papaqlar bahalı hesab olunur. Papaq sifarişi edənlər arasında yaş məhdudiyyəti yoxdur, hətta 3-4 yaşlı uşaqlara da papaq sifariş olunur. Kimisi başın üşüməməsi, kimisi də dəyərli bir akssesuar, kimi hədiyyə üçün alır. Ramin deyir ki məşhurlardan da ona papaq sifarişi edənlər olur: “Sonuncu dəfə Alim Qasımovun papağını tikmişəm, Ağaxan Abdullayevə də papağı mən tikmişəm”.

 

Papağın bir necə növü var. Tarixi yüz illərlə ölçülən milli baş geyimlərinin forması həm də onun daşıyıcısının sosial vəziyyətinin göstəricisi sayılırdı. Motal adlanan papağı əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edirdi. Motal papaqlar uzuntüklü qoyun dərisindən hazırlanır və konus formasında olurdu. Çoban papaq da elə adından göründüyü kimi əsasən çobanlar tərəfindən taxılırdı. Uzuntüklü qoyun dərisindən hazırlanıb, konus formasında olurdu. Yalnız bəy zümrəsinin nümayəndələri və həmçinin varlı adamların taxdığı papağa buxara papaq deyirdilər. Bu papaqlar üçün dərini Buxaradan gətirirdilər. Onları konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar həm də şəhər aristokratiyası üçün xarakterik idi. Buxara papağa “bəy papaqları” da deyilirdi. Azərbaycanda qədimdə 650 papaqçı olub ki, onların 250-si Şəkidə olub. Bu gün bu rəqəm göstəricisi o qədər olmasa da, gənc papaqçının olması bu peşənin hələ yaşayacağına bir ümiddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1858
avatar

Oxşar yazılar