“Səxavətin yatdığı torpağı azad edək!” - YENİLƏNİB
26 noyabr 2013 11:10 (UTC +04:00)

“Səxavətin yatdığı torpağı azad edək!” - YENİLƏNİB

Bu gün Beynəlxalq Muğam Mərkəzində muğam ustası, görkəmli xanəndə Səxavət Məmmədovun 60 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.

 

Lent.az-ın məlumatına görə,  yubiley gecəsini giriş sözü ilə açan xalq artisti İlham Əsgərov Səxavət Məmmədovun həyatı və yaradıcılığından danışıb, Azərbaycan muğam sənətinin inkişafında göstərdiyi xidmətlərdən söz açıb: “Səxavət Məmmədov sağlığında Azərbaycan muğamı üçün əlindən gələni etdi. O, muğamımızı  bir çox ölkələrdə uğurla təmsil etdi. Qarabağ Səxavəti yaratmışdı, Səxavət də “Qarabağ” ansamblını yaratdı. Azərbaycan xalqı da illərdir onun xatirəsini, adını əziz tutur. Onun şöhrəti getdikcə artır, yeni lent yazıları üzə çıxır”.

 

Tədbirdə çıxış edən xalq artisti Siyavuş Kərimi bildirib ki, S. Məmmədov Azərbaycan xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biridir: “O, 38 il həyatı ərzində çox sənət fədakarlığı edib. Ondan muğam ifaları, səs yazıları bizə miras qalıb. Səxavət Məmmədov bu gün də bizimlədir. Biz onun musiqisini dinləməkdən yorulmuruqsa, deməli, o yaşayır, sevilir. Belə sənətkarları yaşatmaq bizim borcumuzdur”.

 

Yubileydə iştirak etmək üçün Ukraynadan gələn həmyerlimiz Burzu Əliyev Səxavət Məmmədov haqqında fikirlərini bölüşüb: “Səxavətin səsinin sirri ondadır ki, o, muğamın bizə bəlli olmayan  sirlərini bilirdi. Bu da onun səsində özünü göstərirdi. Səxavətin səsi millətindən asılı olmayaraq hər kəsə - böyüyə də, uşağa da təsir edir. Nə qədər ki, Azərbaycan türkü var, Səxavətin səsi daim yaşayacaq! Arzu edirəm, onun yatdığı torpağı azad etməyə qadir olaq!”

 

Anım gecəsində nümayiş olunan videoçarxda xalq şairi Bəxtiyar Vahabzadə, akademik Vasim Məmmədəliyev, şair Qulu Ağsəs, xalq artistləri Arif Babayev, Əlibaba Məmmədov, İslam Rzayev və Alim Qasımovun Səxavət Məmmədov haqqında dedikləri nümayiş etdirilib.

 

Xatirə gecəsində “Qarabağ” instrumental ansamblının müşayiəti ilə xalq artistləri Mələkxanım Əyyublova, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artist Firuz Səxavət muğam və xalq mahnıları ifa ediblər.

 

Yubileydə iştirak edən mərhum xanəndənin övladı Bəxtiyar Məmmədov Azərbaycan musiqisinin sərhədlərimizi aşaraq dünyaya yayıldığını deyib: “Nə qədər ki, Azərbaycan mədəniyyəti var, inkişaf edir onun ayrılmaz parçası olan Səxavət Məmmədov yaradıcılığı daim yaşayacaq! Ümid edirəm ki, növbəti yubiley atamın yatdığı torpaqda qeyd edilər!”

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Xan Şuşinski fondunun təşkilatçılığı ilə keçirilən yubiley gecəsində hökumət nümayəndələri və sənətçilər iştirak edib.

 

Anım gecəsində qonaqlara S. Məmmədova həsr olunan kitab iştirakçılara hədiyyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2057
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar