Noyabrın 6-da üç ay davam edən “Muğam televiziya müsabiqəsi–2013” başa çatıb. Lent. az-ın məlumatına görə, artıq dördüncü dəfə keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyəti də həmişə olduğu kimi xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və əməkdar incəsənət xadimi, müsabiqənin təşkilat rəhbəri Nadir Axundov olub.
Sonra “Muğam” instrumental ansamblının müşayiət ilə müsabiqənin final mərhələsinə çıxmış gənc ifaçılar Xətai Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramov, Zümrüd Məmmədova, Sərxan Bünyadzadə və Mirpaşa Şükürov tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha imtahan veriblər.
Müsabiqə iştirakçılarının 14-ə diplom, Murad Əbduləzimov və Ayşən Mehdiyeva “Tamaşaçıların rəğbəti” mükafatı verilib. Müsabiqədə Sərxan Bünyadzadə birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü yerləri tutublar. Müsabiqənin 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışmanın ən yüksək mükafatına - “Qran-pri”yə layiq görülüb.
Qeyd edək ki, müsabiqə Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilib.
Ölkənin müxtəlif rayon və şəhərlərdən 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə, onlardan isə 21-i Bakı səhnəsində çıxış etmək hüququ qazanıb.