Dekabrın 18-də "Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi"nin 5 illik yubiley mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə mədəniyyətlərarası dialoq mövzusunda film nümayiş etdiriləcək, prezident İlham Əliyevin himayəsi və YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatı və 3-cü Dünya Forumunun prioritetlərinin təqdimatı olacaq. Hesabatı Böyük Britaniyanın Koventri universitetinin professoru, Sosial Münasibətlər Mərkəzinin direktoru Mayk Hardi təqdim edəcək.
Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib, konfransda Azərbaycan prezidentinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin əsası qoyulub və "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul edilib.
"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransı çərçivəsində Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edilib. İclasda "Bakı Prosesi-Sivilizasiyalar arasında dialoqa yeni çağırış" kommunikesi qəbul edilib. Bu proses çərçivəsində 2011-ci ildə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə isə 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və dünya mədəniyyət və turizm nazirlərinin ilk birgə Konfransı keçirilib. 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı Sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu təyin edilib.