“Atəşgah”da yenidənqurma başa çatıb
15 may 2015 14:47 (UTC +04:00)

“Atəşgah”da yenidənqurma başa çatıb

“Bakı 2015” I Avropa oyunları ərəfəsində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun yenidənqurma işləri tamamlanıb. Bununla əlaqədar Mədəniyyət və turizm Nazirliyi bir qrup jurnalistlər üçün qoruğa infotur təşkil edib. İnfoturun keçirilməsində məqsəd media nümayəndələri vasitəsi ilə vətəndaşlara və I Avropa Oyunları zamanı ölkəyə gələcək çoxsaylı turistlərə tarix və mədəni irsimizi təbliğ etməkdir.

Qrupa bələdçiliyi Mədəniyyət və Turizm Nazirliyinin Tarix və mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin Qoruqlarla iş, tarix və mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova edib.

 

Jurnalistlərə açıqlama verən sektor müdiri qoruqda yaradılmış yeni ekspozisiyalar haqqında danışıb: “Atəşgah”ın 24 hücrəsi var. Hər hücrədə fərqli-fərqli ekspozisiyalar yaratmışıq. Bu ekspozisiyalar əsasında beynəlxalq layihələr üzrə həyata keçirilib”.

 

K. Cəfərovanın sözlərinə görə, hər bir hücrənin öz təyinatı var: “Atəşpərəstlik və Zərdüştlük ən qədim dinlərdən biridir. Azərbaycan tolerant ölkədir. Hesab elədik ki, təkcə bu iki din yox, bütün dövrlərdə Azərbaycanda mövcud olmuş dinlərin haqqında məlumat verək. Həmin məlumatlar müasir texnologiyalar vasitəsilə tablolarda əks etdirilib”.

 

Bundan başqa, məbədin və ümumi Abşeron yarımadasında aparılmış arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyalar xüsusi şüşə qutulara salınıb, bəzi məlumatlar 3D formatında ziyarətçilərə şəkillərlə təqdim olunur.

 

UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna giriş qiymətləri isə stabil qalır. Uşaqlar və məktəblilər üçün 20 qəpik, tələbələr üçün 1 manat, böyüklər üçün isə 2 manat təşkil edir. Buyurub, ziyarət də bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar