Avropa Azərbaycan Cəmiyyəti (AAC) təşkilatçılığı ilə Londonda Smit Meydanında yerləşən Müqəddəs Con kilsəsində Xocalını anım konserti keçirilib.
AAC-dan APA-ya daxil olan məlumata görə, tədbirdə 500 nəfərdən artıq qonaq, o cümlədən lordlar, parlament üzvləri, diplomatlar və musiqisevərlər iştirak edbi. Konsertdə dirijor və bəstəkar Lorent Petitqrardın rəhbərliyi ilə Londonun Orion Orkestri çıxış edib.
Konsert proqramında bəstəkar Fikrət Əmirovun “Nizami” simfoniyası, Kardinal Vofan Memorial məktəbinin Shola Cantorum Xorunun ifasında Perqolesinin “Stabat Mater” və Motsartın “Ave Verum Corpus” əsərləri, Eduard Elqarın elegiya formasında yazılmış giriş parçası, Uels milli mahnısından bir fraqmenti özündə əks etdirən çoxhissəli “Simli alətlər üçün Alleqro” simfonik poeması, simli alətlərdən ibarət orkestrin ifasında Lorent Petitqrardın “Hər necə olsa da unuduruq” adlı film üçün bəstələdiyi musiqi ifa edilib.
Əsər “Laçın” və “Sarı gəlin” mahnıları da daxil olmaqla, Azərbaycan xalq musiqisinin melodiyalarını özündə əks etdirib.
Bəstəkar çıxışında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqına zərər verməkdə davam etdiyini bildirib: " Bu müharibədə yaranan Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında ən həssas və kədərli bir hadisə kimi dərin iz buraxıb. Xalq arasında bayağı pafosdan uzaq, “xatirə” adlanan elə bir mexanizm var ki, o unutqanlığa qarşı bir dayaqdır və əbədi ləyaqət keşikçisi kimi fəaliyyət göstərir. “Xatirələr” hər zaman hər hansı siyasi və inqilabi məzmundan uzaq və digərlərinə mərhələləri, dəhşətli anları və dramları xatırlatmağı bacaran, insanların qəlbinin dərinliklərinə toxunan bəstəkarlar və rəssamlar üçün yaradıcılıq rəmzi olub”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da faciə barədə danışıb: "Xocalı faciəsi millətimizin tarixində ən qara səhifələrdən biridir. Bu konsertin keçmiş kilsədə keçirilməsi çox yerinə düşüb. İstər kilsə, məscid və ya məbəd olsun, fərq etməz, əsas odur ki, bura Allahın evidir. Bəşər övladına həyatı Allah verir və bu həyatı onun əlindən yalnız Allah ala bilər. Bu 613 insanın həyatını əlindən alanlar hələ də mühakimə olunmayıb. Beynəlxalq hüquq dinc əhalini öldürməyi qadağan edir və bu bəşəriyyətə qarşı cinayət hesab olunur. Belə dəhşətli hallar bir daha təkrar olunmamalıdır”.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov isə Böyük Britaniyanın bəşər tarixinin ən böyük müharibələri hesab olunan iki dünya müharibəsində iştirak etdiyini vurğulayıb: "Bu müharibələrdə Avropa milyonlarla insan itirib. Bu gün gözümüzün qarşısında stabil Avropa var. O müharibələr Avropa xalqlarına böyük dərs olub. Cinayət törədən o insanlar ədalət məhkəməsinə cəlb olunublar. Amma dinc əhaliyə qarşı planlı hücum olan Xocalı faciəsinin təqsirkarları hələ də cinayətlərinin cəzasını cəkməyib”.
Bütün partiyaların təmsil olunduğu Azərbaycan üzrə Parlament Qrupunun sədri Kristofer Pinçer isə bildirib ki, Xocalıda qətlə yetirilənlər dinc sakinlər olub: " Dağlıq Qarabağ müharibəsinin təsiri hələ də davam edir. Dahi ingilis filosofu Edmund Börk deyib ki, “öz tarixini bilməyənlər eyni tarixi təkrarlamağa məhkumdur”. Biz 1992-ci ilin 26 fevral dəhşətlərini heç vaxt təkrar etməməliyik. Bunu yadda saxlamaq Azərbaycanla böyük dostluq qurmaq istəyənlərin məsuliyyətidir və onlar bu qurbanların yadda qalması və baş verənlərin bir daha təkrarlanmamasını təmin etmələri üçün oz öhdələrinə düşəni etməlidirlər”.