Akademik Milli Dram Teatrında yeni teatr mövsümü ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, teatrın direktoru İsrafil İsrafilov yeni mövsümdə səhnəyə qoyulması nəzərdə tutulan tamaşalar haqqında danışıb: “Teatrın 141-ci mövsümündə tamaşaçıların qarşısına bir neçə tamaşa ilə çıxacağıq. Mövsümün ilk premyerası Əli Əmirlinin pyesi əsasında hazırlanan “Şah Qacar” tamaşası ilə olacaq. Bu mövsümdə hazırlanıb səhnəyə qoyulması nəzərdə tutulan bir neçə pyesdən biri də Hüseyn Cavidin “Topal Teymur” əsəridir. Biz nəzərdə tutmuşuq ki, Eduardo de Filipponun “Neapol - milyonerlər şəhəri” adlı pyesini də bu mövsümdə teatrsevərlərə təqdim edək. Bundan başqa, gənc dramaturq Samid Ağayevin “Xəlifənin anası” pyesini də bu ilin repertuarı üçün nəzərdə tutmuşuq”.
İ. İsrafilov Akademik Milli Dram Teatrının ötən mövsümdə təhvil verdiyi tamaşaların keyfiyyəti məsələsinə də toxunub: “Etiraf edək ki, 10 tamaşadan üçü-dördü bizim tələblərimizə cavab verir. Bəzi uğursuz işlərimiz də şübhəsiz olub. Biz çalışırıq ki, həmin nöqsanları aradan qaldıraq. Çox ciddi şəkildə rejissor və dramaturq problemi yaşayırıq. Azərbaycanda aktyor problemi olmayıb, amma təəssüf ki, biz bu gün aktyor problemi də yaşayırıq. Çalışırıq ki, repertuar seçimində bütün təbəqələrdən olan insanları əhatə edək. Amma bizim komik və faciə janrında yazan dramaturqlarımız yoxdur. Ümumilikdə bəli, Azərbaycan teatrının ifaçılıq səviyyəsi aşağı düşüb. Bunun müxtəlif səbəbləri var”.
Direktor bəyan edib ki, növbəti mövsümdə klassik müəlliflərin əsərlərinə daha çox yer veriləcək. Onun sözlərinə görə, yeni mövsümdə nəzərdə tutulan iki qastrol səfəri ilə əlaqədar danışıqlar aparılır: “İrandan dəvət almışıq. Növbəti ildə teatr Avropa turnesinə çıxa bilər”.