Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilçiliyi müntəxəbatı” adlı üçcildlik nəşr hazırlanıb.
Bu barədə APA-ya məlumat verən Dilçilik İnstitunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib ki, prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında imzaladığı sərəncama əsasən çap olunan üçcildlik Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib.
Onun sözlərinə görə, I cilddə “Azərbaycan dilçiliyi tarixi: Mahmud Kaşğarlıdan I Türkoloji qurultaya qədər”, II cilddə “Azərbaycan dilçiliyi tarixi: I Türkoloji qurultaydan XX əsrin 60-cı illərinə qədər”, III cilddə isə “Azərbaycan dilçiliyi tarixi: XX əsrin 60-cı illərindən günümüzə qədər” olan dövrləri əhatə edən hadisələr öz əksini tapıb. III cilddə yalnız sağ qalan alimlərin - Vasim Məmmədəliyev, Tofiq Hacıyev, Aydın Ələkbərlinin əsərlərindən seçmələr verilib. Yaxın zamanlarda hər 3 cildin geniş təqdimatı keçiriləcək.
F.Veysəlli “Dilçiliyin ensklopediyası”nın Türkiyə mətbuatında geniş marağa səbəb olması barədə də danışıb. O qeyd edib ki, iki cilddə hazırlanan “Dilçiliyin ensklopediyası” ilə bağlı bu günlərdə Türkiyə mətbuatında geniş məqalə dərc olunub və ensiklopediya geniş şərh edilib.