Azərbaycanın məşhur yazıçısı Fərman Kərimzadənin qızı Yeganə Kərimzadəni Lent.az-a Aysel Əlizadə danışdırır
- Yeganə xanım, sizcə yazıçı haqda belə bir sual vermək olar: "Filan yazıçı unudulub?"
- Elə suala bir cavab verərdim: unudulubsa niyə onun haqqında soruşursan? Deməli unudulmayıb, iz qoyub və bu iz sizi cavaba doğru gətirib, hələ gətirəcək də...
- Atanızla bağlı daha çox nə düşünürsüz?
- Hər səhər qəribə təbəssümlə onu yada salıb, söhbət edirəm atamla. Bunlar adi ev-ailə söhbətləri olur. Bir növ dərdləşirəm atamla - sağlığında olduğu kimi. Qəribə vərdişləri vardı. Əsasən şənbə-bazar günlərinə aid vərdişlər idi. Səhər yuxudan çörək ətrinə oyanardıq. Deməli, o sübh tezdən ya Kubinkaya, ya da Xızı tərəfə gedib çörək, qaymaq alıb geri qayıdardı ki, balaları yuxudan oyanana qədər isti çörəkləri, bir də qaymaqları masa üstə olsun. Artıq 23 ildi ki, hər sabah bunun həsrətini çəkirəm. Və sonda soruşuram: “Sən bizi belə böyütdün, bəs biz neylədik öz balalarımız üçün?” Etməyinə çox şeylər edirik, amma isti çörəyin ətrinin şirin xatirəsini mən də balama yadigar qoya biləcəmmi?
- Fərman Kərimzadə dili çoxqatlıdı. Oxuduqca "mən dilimi tanımırammış ki" düşünürsən. Kitabları dil mücrüsü kimidi. Oxuduqca söz çıxır, fikir çıxır, təsvirlər çıxır. Adamı mat qoyur. Bu məktəb hardandı, necə yaranıb, belə böyük bir yazıçı necə yetişib?
- Fərman Kərimzadə dili el dilidi. O, çox gəzib, çox görən insanlardan idi. Həm də atam rəssam idi. Rəssam hər kəsin gördüyünü yox, görə bilmədiyini yaradandı. Onun əsərlərində təsvirlə ədəbi dil birləşib, öz möcüzəsini yaradıb. O məktəbin baniləri də yəqin ki, babam Şıx Əli oğlu İsmayıl, bir də dili bayatılı-sözlü nənəm Qəmər xanım olub. Onların 5 övladları olsa da “Qarlı aşırım” əsərindəki hadisələri məhz atama danışıb, yaddaşına yazırmışlar. Atamın ilk müəllimləri valideynləri olub. O, 21 yaşında artıq gələcəyini cızmışdı, ilk hekayəsi ona böyük uğur gətirmişdi. Ailə və hələ çox erkən yaşda yaşadığı köçkün həyatı, haqsızlıqlar idi onu yazıçı edən.
- Bir az ətraflı danışın bu haqda, lütfən.
- Ən böyük ədəbiyyat böyük sarsıntılardan sonra yarana bilər. Zəlzələdən sonrakı gözəllik kimi... Göy-Göl buna ən gözəl nümunədi. Sonradan tez-tez Vediyə gedərdi, evlərinə dəyərdi, onda artıq evlərində Livan erməniləri yaşayırdı. O həyətdə sevdiyi tut, armud ağacları vardı. Bacıları onu çimdirmək istəyəndə qaçıb armud ağacına çıxar, orda kitab oxuyarmış, onu narahat edən bacılarını söyərmiş. Halbuki həyatda ən çox sevdikləri də əkiz bacıları Sara xanımla Zəhra idi. Evlərinin sonbeşiyi, ərköyünü imiş atam, amma sonradan bu sonbeşik oğlan ağır nəslin ağsaqqalı sayıldı. Dağda-daşda gəzməyi sevirdi, hər qayanı adı ilə tanıyırdı. Gül-çiçəyin dilini bilirdi. Torpağı sevirdi. Bəlkə bunlar idi onu yazıçı edən?..
- Ölüm ərəfəsi yadınızdadı? Nələr baş verirdi?
- Ən ağır ay idi. Meydan hadisələri, İrəvandan xalqın didərgin düşməsi, atam özünə gələ bilmirdi. Bir an oturmurdu. Daim kəndlərdə, sərhəd zonasında, camaatın yanındaydı. Anam ona tez-tez pul göndərirdi, camaatı yerləşdirmək üçün, yemək almaq üçün. Maşın dolu əlimizə düşən paltar, bürüncəklər, yorğan-döşək göndərirdik ki, atam kiməsə kömək etsin. Bunu bizdən özü tələb edirdi - göz yaşları içində.
- Nəsə bir ağır xəbər gələcəyini hiss edirdiz?
- Yuxular görürdüm. Ölümündən düz bir ay əvvəl onun bizi tərk edəcəyini yuxumda görmüşdüm, hər gün halva çalıb paylayırdım belə yuxulardan sonra. Bir gün evimə gəldi, çox yorğun idi evə dəyməmişdən əvvəl məni görmək istəmişdi. Yeməklə birgə halva da gətirdim, dadına baxsa da kənara itələdi: "Bu nədi, heç halva xoşlamıram" - dedi. Səbəbi ona izah edə bilməzdim.
- Elə-belə hazırlamışam, - dedim. Sonra elə halsız vəziyyətdə çıxıb gedəndə: - Ata, yenə də gedəcəksən? - soruşdum.
Onda mənə sarı çevrilib, elə baxdı ki, o baxışları unuda bilmirəm.
- Sən də qızım? Anan deyir, getmə, uşaqlar bir yandan, indi də sən?
- Bağışla ata, bilirəm camaatın yanında olmalısan, amma səndən çox nigaran qalırıq, bizi qınama, qurban olum, - dedim.
Gülümsəyib getdi. Atamla son görüşüm bu oldu. Nə vaxt ata evinə gəldimsə, gah meydanda oldu, gah rayonlarda, sonra Moskvaya birbaşa Kremlə getmişdi, xüsusi nümayəndələrlə erməni haqsızlığına etirazlarını bildirmək üçün getmişdi.
- Bu ərəfələrdə itirdiz onu...
- Moskvadan qayıdandan sonra bir gecə evdə olmuşdu, son söhbətini Azadlıq radiosundan Mirzə Xəzərlə etmişdi, təsadüfən kiçik bacım Aybəniz bu danışığı lentə almışdı. Son səs yazısı idi. Hər şey sona doğru gedirdi. Və son gediş Tərtərə oldu. Bəyimsarov kəndində İrəvandan köçürülən camaatın içindəcə insult...
- Təqiblər, təzyiqlər olurdu?
- Olurdu, çox olurdu. Bu insult məsələsinə onsuz da inanmıram, amma inandırmağa çalışanlar oldu. O dövrdə atam dönə-dönə KQB-yə çağrıldı. Azadlıq hərəkatında iştirakı kimlərisə çox narahat edirdi. Hətta anama da demişdi ki, "əgər məni tutsalar, özümü öldürəcəm, qoy balalarım gözükölgəli olmasınlar". Hətta Cəlilabadda da onu təqib edənlərin əlindən atamı evindən qaçırdıb Bakıya gətirən insanlar indi sağ-salamatdılar. Atam ömrünün son aylarını KQB-nin təqibində oldu. Bu barədə ilk dəfə danışdım.
- Cavan yaşda və gözlənilməz itki oldu sizin üçün. Bundan sonra nə başladı, nələr oldu? Yeganə Kərimzadədə Fərman Kərimzadədən nələr var?
- Əvvəl nələr oldudan başlayaq. Atamı torpağa tapşıranda anidən yağış yağdı: cəmi 2 dəqiqəlik. Qırxında divardakı şüşə üzlüklü şəkli partlayıb azadlığa çıxdı və biz çox dərinliyi ilə bir daha anladıq ki, evin kişisi nə demək imiş. Sonra heç nə olmadı. Qardaşım, mən, bacılarım işsiz qaldıq. Nəyə nail ola bilmişiksə, öz gücümüzlə olub, üzümüzə gülüb gözəl yola salanlar da olub, başqa heç nə. Halbuki, hər birimiz ən azı iki ali təhsil almış adamlarıq. Yenə də şükür, biz Fərman Kərimzadə qanını daşıyan övladları hər əsən yelə boyun əyənlərdən deyilik. Atamdan mənə qalan yaxşı ad, gözəl ailə, ata yadigarım anam, nəslin davamı nəvələr, bir də ən əsası qələmim var.
- Davamçısı...
- Atam hər dəfə zarafatla deyərdi ki, rəssamlıq məktəbini oxudum, sən də oxudun, Moskvada 2 illik ssenaristlik kursunu oxudum, Moskvaya oxumağa getdin. Yazıçı oldum, yazıçı oldun, niyə məni qarabaqara izləyirsən, ay qızım? Sözlərində həmişə fəxarət vardı, balaları ilə fəxr edirdi həmişə...
- Nə istərdiz onun xatirəsi üçün?
- Xatirəsi ürəyimdədisə nə istəyə bilərəm ki? Bu mənim övladlıq borcum, qalanları mənlik deyil axı.
- Özünüzdən danışın. Nə iş görürsüz, necə yaşayırsız?
- Özündən danışmaq həmişə çətin olur. Yazıram. İllərlə daxilimdə yığılıb qalanları yazıram. Yenicə yazıb bitirdiyim "Şah" adlı romanın üzərində redaktə işləri aparıram. Başqa romanım beynimdə hazır olsa da 25 faizini artıq yazmışam. Ən çox həsrətini çəkdiyim bir işin əsasını artıq qoymuşam. Bu ikimüəllifli film ssenarisidi. Fərman Kərimzadə, Yeganə Kərimzadə. Bu film üzərində işlər gedir. Atamın "Xudafərin körpüsü", mənim isə "Şah" romanım əsasında çəkiləcək bu film. Rejissor Nicat Manafovdu. Filmin məsləhətçisi tarixçi-hüquqşünas Əziz Kərimzadədi. Bu həftəsonu uşaqlar üçün nəzərdə tutulan, lakin böyüklərin ibrət götürəcəyi uşaq serialı "Bizim şəhər"in çəkilişlərinə start veriləcək, ssenaristi olduğum bu serialdan əlavə bir neçə əsərimə də film çəkilişləri nəzərdə tutulub. Türkiyə və İrandan da maraqlı təkliflər almışam. Həyatım bu. Yaşamağım isə bir az belə, bir az elə. Hamı kimi...
- Yeganə xanım, yazıçı kimə deyilir?
- Bunun elə bir tərifi yoxdu ki. Sadəcə anadan yazıçı doğulmalısan. Özünü zorlayıb yazıçı adını üstünə götürənləri anlamıram. Aydın məsələdi ki, yaradıcı adam özünü təsdiq edənə kimi müxtəlif yollardan istifadə edib, axır özünü tapır. Sonra adı olmasa belə onu bir cümləsindən də tanımaq olur. Özünütəsdiq prosesi uzağı bir il cərəyan etməlidi, artıq olsa, adam özünü zorlamasın, xeyri yoxdu. Ədəbiyyat "yadelliləri" qəbul etmir.
- Atanızı tarixə bağlayan nə idi sizcə?
- Atamı tarixə bağlayan onun tarixi cərəyanlar içində yaşaması olub yəqin. Doğum tarixi 1937, didərginlik həyatı 1951 - repressiya davam edir, müharibədən sonrakı illər. Ölüm tarixi 1989. Nənəm Qəmər xanım əslən vaxtı ilə Ərdəbildən İrəvana köçürülənlərdən olub, el arasında onlara “xətailər” deyiblər. Bəlkə Şah İsmayıl Xətaiyə olan məhəbbət burdandı. Amma mənə hərdən elə gəlirdi ki, atam tarixi yaşayıb gəlib ki, onları yazıb getsin. O, tarixin özü idi. Azərbaycanın hər qarışı ilə bağlı bir tarixi hadisəni danışa bilərdi. Onunla söhbət edəndən sonra adam az qalırdı yerə uzanıb torpağı qucaqlasın. Son nəsihətlərindən biri: "Torpağı qoruyarsan Vətən olar, qorumazsan kəfən"...
- Doğum tarixi də, ölüm tarixi də mart ayına düşür. Bu kodu necə açmaq olar?
- Bir dəfə atam mənə Rafaelin rəsm əsərləri ilə bağlı bir kitab bağışlamışdı və orda yazmışdı ki, böyük və dahi sənətkarlar doğulduqları ayda da dünyalarını dəyişirlər. Məncə, kod bu idi.