Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz“ əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Teatrın mətbuat xidmətindən Lent.aza verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
Tamaşada əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, əməkdar artist Ayşad Məmmədov, aktyor Ziya Ağa, əməkdar artist Aslan Şirin, aktyorlar Vüsal Mustafayev və Rəşad Bəxtiyarov, əməkdar artist Məsmə Aslanqızı, aktyorlar İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov çıxış edib.
Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət edilib. Eləcə də musiqi seçimində də klassik musiqi ilə yanaşı müasir musiqi, həmçinin də roka yer verilib. Gözəl rəssam işi və peşəkar aktyor oyunu ilə seçilən tamaşa böyük maraqla qarşılanıb.