Gənclərin III Ümumrespublika Teatr Festivalına hazırlıqlar davam edir. Görülən işlər haqqında festivalın icraçı direktoru Sənan Əlləz Lent.az-a danışıb.
Gərgin iş gedir. Bakıdan 24 komanda qeydiyyatdan keçib. İki gün sonra Tədris Teatrında seçim mərhələsi olacaq. 24 truppadan altısı festivalda iştirak etmək vəsiqə qazanacaq. Universiteti bitirmiş və hələ də təhsil alan gənclər bu teatrda kurs işi, diplom işini təhvil verirlər. Ona görə də, özümüz onlara doğma məkanı seçdik ki, özlərini rahat hiss eləsinlər. Üç münsifimiz olacaq. Biri ötən festivalın qalibi, builki festivalın bədii rəhbəri Azər Cəfər, digər ikisinin adını gizli saxlayırıq. Sadəcə onu deyə bilərəm ki, hər ikisi Azərbaycan incəsənətinə uzun illər xidmət etmiş xadimlərdir. Münsifləri seçərkən iki məsələni önə çəkdik. Bir - klassik teatr ənənəsi, iki – müasir teatr ənənəsi. Münsiflərimiz hər iki ənənəni mükəmməl bilir. Qiymətləndirmədə mən iştirak etməyəcəm. Mənim işim yalnız festivalı icra etməkdir. Dünya təcrübəsində də bu belədi. İcraçı direktorlar ya jurnalist olur, ya prodüser. Ayın 16-sı işim ondan ibarət olacaq ki, qonaqları salamlayıb, uğurlar diləyəcəm. Vəssalam... Buna baxmayaraq, çox həyəcanlıyam. Uşaqlara baxıram ki, sakitdirlər. Gözlərində güvən var, özlərindən razıdırlar. Qalib gələcəklərinə inanırlar. Münsiflərin ədalətinə də.
- Bölgələrdə vəziyyət necədi?
- Əladı, qızğın iş gedir. Noyabrın 20-dən başlayaraq bölgələrdə də seçim turuna start verəcəyik. İlk dəfə festivala Gəncədən truppa qatılacaq. Çox böyük potensialları var və Gəncənin redaktor, ssenarist, rejissor seçiminə baxanda görürük ki, Gəncə teatrı Bakı teatrından heç də geri qalmır. Gəncənin tarixi teatr ənənəsi var. Düşünürdüm ki, klassik adət-ənənəyə uyğun nəsə hazırlayacaqlar. Amma, yox. Qazax, İmişli truppaları da böyük həvəslə hazırlaşır. Şamaxı, Lənkəran, Naxçıvan, Zaqatala və Qaxdan da truppalar qatılacaq. Gəncədən iki truppa qatılmaq istəyirdi. Bilirsiniz ki, ermənilər tərəfindən işğal olunmuş rayonlarımızın aidiyyatı orqanları müxtəlif şəhərlərdə yerləşdirilib. Kəlbəcər truppasından Sirac adlı oğlan vardı və Kəlbəcəri təmsil edərək Gəncədən qatılmaq istəyirdi. Sonra fikrini dəyişib Bakıdan çıxış etmək qərarına gəldi. Məncə də, ağıllı iş gördü. Gəncədən çıxış etsəydi, qalib gəlmək şansı az olacaqdı, nəinki Bakıdan. Axı paytaxtdan altı truppa seçiləcək. Sonra Qaxdan həm Dram Teatrı qoşulmaq istəyir, həm Gürcü Teatrı. Onlar arasında seçim olacaq. Bəlkə heç biri seçilmədi, bəlkə də hər ikisi seçildi. Qusar Ləzgi Teatrı da festivalda iştirak etmək üçün qeydiyyatdan keçib. Biz artıq bu festivalı təşkil edərək gənclərə öz istedadını göstərmək üçün şans vermişik. Bundan sonrası qalır onların öz ixtiyarına. Səhnə bizdən, fərasət onlardan.
- Builki festivalın mövzusu nədi?
- Böyük final üçün festivalın mövzusu antinarkomaniyadır. Devizimiz “Narkostop”dur. Amma birinci seçim turunda mövzu sərbəstdir. Demək olar ki, ssenarilər hazırdır. Senzura olmayacaq, amma müəyyən redaktələr olacaq. İzləyicilərimiz arasında azyaşlılar da olacaq deyə, təbii olaraq ssenaridə jarqon və söyüşlərə icazə verilməyəcək. Pafosu yığışdırmaq şərti ilə ssenarilərdə sərbəstlik olar. Əgər aktyor, aktrisa səhnədə öpüşmək istəyirsə, biz buna əngəl yarada bilmərik. Çünki Azərbaycan teatrında bu gün öpüşmə səhnələri var. Məsələn, ”Qatil”də, “Topal Teymur”da.
- Noyabrın 16-da keçiriləcək birinci seçim turunda münsiflər kimlər olacaq?
- Noyabrın on altısında Bakıdan qeydiyyatdan keçən 24 truppa beş-yeddi dəqiqəlik tamama-etüdlər göstərəcəklər. Truppalara ballar tamaşa bitən kimi elan ediləcək. Münasibət hamıya eyni olacaq. Festivala qatılan daha təcrübəli iştirakçılara da, ilk dəfə qatılanlara da. Münsiflər heyəti elə insanlardı ki, tam ədalətli. Əgər iştirakçılar arasında onların tanışları olsa belə yaxşı olanı seçəcəklər. Ola bilər ki, münsiflərdən biriylə gənclərin tanışlığı olar. Nə də olsa, eyni sahənin insanlarıdır. Əslində ona görə də münsiflərin adını gizli saxlayırıq ki, gənclərdə arxayınlıq yaranmasın.
- Festivalda qalib gəlməyən truppalar nə qazanacaq?
- Festivalımız bitəndən sonra iştirakçılar müxtəlif teatrlara dəvət alırlar. Tamaşalarda iştirak edən münsiflər hansısa teatr ocağının teatr xadimləridir. Onlar öz teatrları üçün gənc rejissor, gənc aktyorlar seçirlər. Bu dəfə festivalımıza qatılanlar arasında xanımlar da çoxdur.
Festivala ailəlikcə qatılanlar da var...
- Bəhruzla Gülnarə Gənclərin I Ümumrespublika Teatr Festivalında nişanlıydılar. İkinci də evli, üçüncüdə isə artıq övladları var. Əvvəlki festivallarda Bəhruz tamaşa qoyurdu, Gülnara oynayırdısa, bu dəfə tamaşanı Gülnarə qoyacaq, Bəhruz aktyor kimi qatılacaq. Çünki, Bəhruzun artıq 31 yaşı var. Festivalın şərtlərinə görə isə yaş həddi otuzdur.
- Artıq ay yarımdır ki, festivala start verilib. Bu günə qədər nələr edilib?
- Festivalımızın loqosu hazırlanıb. Himnimizin sözləri yazılıb, musiqinin üstünə otuzdurulmağı qalıb. Yüngül rok janrında olacaq. Mütəmadi olaraq komandalarla əlaqə saxlamışıq, məsləhətlərimizi vermişik. Bir dəfə fləşmob keçirmişik. Bakıdan 6 truppa seçiləndən sonra onlarla bircə növbəti sosial layihə keçirəcəyik.
Sonda...
- Bu festivalın ərsəyə gəlməsində ideya müəllifi olan millət vəkili Jalə Əliyevaya, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə, gənclər və idman naziri Azad Rəhimova festivalın idarə heyəti və gənclərin adından təşəkkürümü bildirirəm.