Son illər toylarda xüsusi rəqs qruplarının dəvət olunması dəb halını alıb. Əvvəllər belə qruplar yalnız oğlanlardan ibarət idisə, indi qızlar da oğlanlara bənzər qruplar yaradıblar. Xoş olmayan cəhət odur ki, qızlar da oğlan rəqsləri edirlər. Milli rəqs adı verilmiş bu rəqslər isə əslində peşəkar yox, həvəskar səviyyəsi ilə haqlı narazılıqlara səbəb olurlar.
Çoxlu sayda rəqs kursları açılıb,”bozbaş rəqslərin” yayılması üçün var gücü ilə fəaliyyət göstərir.
Haqlı olaraq bəstəkar müğənni Murad Arif də bu məsələyə münasibət bildirib: "İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan oğlanlar məşğələlər yaradır. Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. Biri də demir ki, "ay bala, milli rəqslər belə ayaqlarını əyri qoyaraq oynanılmaz"... Qız uşaqları heç belə oynamaz. İyrəncdir. Nə "müəllimi" qanır, nə də valideyni",- deyə o son zamanlar trend olmuş milli rəqs kurslarını tənqid edib.
Milli rəqslərimiz məhv olmaq üzrədir. Qafqaz xalqlarının xanımlarının süzmə hərəkətləri brend olarkən, biz var olan gözəl rəqslərimizi toy bazarı naminə məhv eləməkdəyik. Adına milli rəqs deyilən bu rəqslər həqiqətən milli rəqsdir?
Lent.az-ın suallarını cavablandıran Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı, baletmeyster, Xalq artisti, Prezident təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova da bəzi rəqs ansambllarının bərbad hala saldığı rəqslərimizdən danışdı:
“Bizim rəqslərimiz o qədər gözəldir. Siz dediniz Şimali Qafqaz xalqalrının qadın rəqsləri brend olub. Razı deyiləm. Çeçen rəqsləri brend ola bilməz. Hər xalqın öz musiqisi, öz ənənələri var. Azərbaycan rəqsləri öz incəliyi ilə fərlqənir, bizim xanım rəqslərimizdə süzmələr, sındırmalar, əllərlə butalar var. Azərbaycan rəqslərində qadınlar əllərini quş kimi incə saxlayır. Bu dövrdə bir az tələblər dəyişib, amma bu o demək deyil ki, biz xanımlığımızı, gözəl rəqs hərəkətlərimizi unutmalıyıq. Bizim xanım rəqslərimiz “Naz eləmə” “Lalələr”, “innabı”, “ Sarı gəlin”də qadın zərafəti var. Mən görürəm ki, indi gənclər qafqaz rəqslərindən elementlər qataraq, yığma rəqslər qrublar. Bunu eləmək olmaz. Hər dövrün öz tələbi var. Amma əsla incəliyimizi itirməməliyik”,- deyə Xalq artisti bildirib.
“Mən ölkəmi xaricdə təmsil edirəmsə, öz gözəlliyimizi göstərməliyəm. Təəssüf ki, bizi xaricdə təmsil edən bəzi ansambblar da eyni səhvi edirlər. Toylarda köhnə rəqslərimizi bərbad günə qoyublar. Oğlan, qız eyni oynayır. Bilmirəm, niyəşə çox insanlar gəlir avar, ləzgi rəqsi öyrənməyə. Onu öyrənək. Lakin özümüzünkünü də öyrənməliyik. Mən xarici ölkələrin rəqslərini getdiyim ölkəyə hədiyyə, jest kimi ifa edirəm.
İndi isə toy xatirinə müxtəlif xalqalrın rəqslərini sintez edib rəqslərimizi zay edirlər. Ənənələrimizi itirmək günahdır, zəngin mədəniyyətimiz var. İstərdim hər kəs o gözəlliyi qorumağa cəhd etsin. Kişilər də bir çox hərəkətləri səhv oynayırlar, qadınların hoppanıb-düşməsi yolverilməzdir, olmaz. Mədəniyyətimiz xalqımızın simasıdır. Onu qürurla təmsil etməliyik.
Biz çox zəngin mədəniyyətin daşıyıcılarıyıq. Bu gün toylarımızda təqdim olunan rəqslər milli rəqs deyil. Xanım bəylə səhnəyə çıxanda fərq olmalıdır, qadın zərafəti qorunmalıdır.
Azərbaycan rəqsi hoppanmaq, düşmək deyil, incəlikdir, sındarmaqlıdır. Biz səhnəyə kraliça kimi çıxmalıyıq. Qoy hamı bizim rəqlərimizə heyranlıqla baxsın. Hər rəqs edən Azərbaycanı təmsil edə bilməz. Bizim rəqsimiz Qafqaz rəqsləri arasında öz gözəılliyi ilə seçilir, sintezə, qarışdırmağa ehtiyac yoxdur”,- deyə o bildirib.