Təklikdən sıxılan qoca yalandan evə həkim çağırır
09 oktyabr 2023 15:20 (UTC +04:00)

Təklikdən sıxılan qoca yalandan evə həkim çağırır

Lent.az  “Tamaşaçı” rubrikasında növbəti yazını təqdim edir. Bu rubrikada teatrlarımızda baxdığımız tamaşaları qiymətləndiririk.

2 gün öncə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində İsveç dramaturqu Benqt Alforsun "İllüziya" pyesi əsasında hazırlanmış "35 ildən sonra" adlı tamaşaya dəvət aldım. İşdən çıxmışdım, yorğun idim, Üstəlik yolda o qədər böyük tıxac yaranmışdı ki, yarı yoldan geri dönməyim gəlirdi.  İradəmi toplayıb yoluma davam etdim. Yorğun halda teatra çatıb, beşinci mərtəbəyə qalxa-qalxa artıq tərləmiş və əldən düşmüşdüm, öz-özümə deyirdim ki, ümid edirəm, gəlməyimə dəyəcək bir tamaşa olar.

Tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. 

Rolları Əməkdar artist Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə və  Zümrüd Quliyeva ifa edirlər.

Səhnənin pərdəsi açıqdır və küncdə bir çarpayı qoyulub. Əvvəl elə bildim boşdur, sonra  çarpayının örtüyü altında kiminsə nəfəs–alıb verdiyini hiss etdim. “Bu istidə o yazıq lap bir təhər olar, örtüyü də başına qədər çəkib”,- deyə düşündüm. Düz 15 dəqiqə belə davam etdi. Tamaşa başlayır və elə ilk səhnədə örtüyün altında yatmış qoca - yəni Kərəm Hadızadənin qəhrəmanı tamaşaçıya “yağlı bir şapalaq ilişdirib” onu qəflət yuxusundan oyandırmağı bacarır. Sonra nəfəsimi çəkmədən onun jestlərinə, üz cizgilərinə kilidlənirəm. Kərəm Hadızadə hamı tərəfindən tərk edilmiş qəribə, ərköyün, eyni zamanda çox anlayışlı qoca aktyor obrazını elə ustalıqla yaradırdı ki, bunun rol olmasına inana bilmirsən. Əllərinin titrəyişləri, qarşısındakı ilə razlaşmayanda ağzını əyməsi, başını yelləməsi, uşaqlaşması, göz yaşları, qəhərlənmələri... Bir sözlə aktyor səhnədə ustad dərsi keçirdi.

Tamaşanın ssenarisinə əsasən, dözülməz xasiyyətinə görə həyat yoldaşları ( məlum olur ki, 2 dəfə evlənib, boşanıb) tərəfindən tərk edilmiş qoca aktyor  Kazimir Kant günlərlə xəstə, tənha halda yatağında uzanır, evinə kimsə gəlmir deyə o tez-tez xəstəlik uydurub, evə həkim çağırır. Bir gün ona bir dramaturq xanım qonaq gəlir, aralarında həm mübahisələr düşür, həm də keçmişə dair xatirələr canlanır. Sonda məlum olur ki, bu xanım Kazimirin heç vaxt itirib axtarmadığı qızıdır. Ata-ilə balanın 35 il sonrakı ilk görüş səhnəsi möhtəşəm təsvir edilmişdi. Yenə də Kərəm Hadızadənin pafossuz, içdən, səmimi ifası obrazı açmağa çox kömək edir. Bu səhnəni kövrəlmədən izləmək mümkünsüzdür.

Elnur Bəhramxanın da səmimi oyunu  xoş təsir bağışlayır. Amma bilmirəm Zümrüd xanımın obrazından irəli gələn davakarlıq idi bu, yoxsa xarakterindən, rolu hər nə qədər ürəklə ifa eləsə də, obraz insanı özündən itələyir, qıcıqlandırırdı. Əsəbilik hiss olunurdu. Daha təbii bir oyun nümayiş etdirilməsini arzulayardım. Bu əlbəttə mənim subyektiv fikrimdir.

Səhnə, geyimlər, səs effekti, işıqlandırma yüksək səviyyədə idi. Bu mənada rejissor, eyni zamanda teatrın aktyoru Müşfiq Əliyevi təbrik etmək lazımdır.

Tamaşaçılara isə bu əsərə gedib baxmağa dəyər və lazımdır deyirəm. Nə qazanacaqsınız? Ailə üzvlərinizi daha çox sevəcək, itirilən zamanınızı dəyərləndirməyi öyrənəcəksiniz. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4881
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar