“Söz verdi ki, fəxri ad veriləcək, amma...” - Ülviyyə Əliyeva ilə MÜSAHİBƏ
27 dekabr 2022 15:32 (UTC +04:00)

“Söz verdi ki, fəxri ad veriləcək, amma...” - Ülviyyə Əliyeva ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi koloritli obrazlarıyla tamaşaçıların rəğbətini qazanmış aktrisa Ülviyyə Əliyevadır.

- Ülviyyə xanım, bu günlərdə Kukla Teatrında keçirilən yoxlamalarla bağlı teatr kollektivinin narazılığını gördük və onlardan biri də siz idiniz. Mədəniyyət nazirinin işdən çıxarılması xəbərini necə qarşıladınız?

- Heç kimin çörəyindən olmasının, vəzifədən getməsinin tərəfdarı deyiləm. Amma sarvanı şalı ilə, karvanı malı ilə yeyənlər qalıb qıraqda, gəlib, düz işləyən məmurlarından birinə “ilişmək” ədalətsizlikdir. Rəşad Əhmədzadə bu gün barmaqla sayılası direktorlardan biridir. Həm işini düzgün qurub, həm kollektivin sevgisini qazanıb, həm də yaradıcılıq imkanları verib. Mən mətbuata, həmçinin, Lent.az-a dərin təşəkkürümü bildirirəm ki, Kukla Teatrını tək qoymadınız, ona yönəlmiş qərəzi gün işığına çıxardınız. Cənab Prezidentin müvafiq sərəncamı ilə nazir işdən azad olundu. İndi ümid edirik haqq, ədalət öz yerini tapacaq.

Baxmayaraq ki, mən Akademik Musiqili Teatrın aktrisasıyam, hansı ki, Azərbaycanın maddi baxımdan ən çox təmin edilən, böyük teatrlarından biridir, o boyda kollektivi, orkestri, binası, möhtəşəmliyi var, amma mən öz yaradıcılıq aclığımı Kukla Teatrında ödəyirəm. Çünki Musiqili Teatrda yeni tamaşalar qoyulsa da, mənə uyğun rol yoxdur. Aktrisayam, yaşıma və potensialıma görə rollar istəyirəm. Bundan təbii nə ola bilər ki?

Əlavə bir tələbimiz yoxdur, di gəl eləmirlər, deyirlər get ssenari gətir. Ay başınıza dönüm, aktyor ssenari, pyes gətirəndir? 
Aktyorlara maddiyyat yox, ruhun qidası lazımdır. Yaradıcı insana bu şəkildə toxunmaq, onu sındırmaq olmaz. 
Bu gün Azərbaycan teatrlarında rəhbərlik edən bəzi direktorlar aktyorların ürəyini partladacaq qədər stress yaradırlar təəssüf ki. 

- Uzun illərdir teatrdasınız. Hansı teatr rəhbərini və ya rejissoru minnətdarlıqla xatırlayırsınız?

- Hüseynağa Atakişiyevi və bir də Rəşad Əhmədazəni. 17 yaşıma qədər səsim olmasından xəbərim yox idi. Məni Hüseynağa Atakişiyev kəşf etdi. Teatrda rejissor köməkçisi işləyirdim. İstedadımı gördü, hiss etdi. O əsl müəllim, əsl yaradıcı insan idi. İlk dəfə “Tıq-tıq xanım” tamaşasında Dozanqurdu və Atlı rolunu oynadım. Yeni il şənlikləri bitən kimi mənə “Ölülər” əsərində Nazlı obrazını tapşırdı. Dedi bilirəm ki, öhdəsindən gələcəksən. O zamanlar “Aktyor evi”ndə məşq edirdik. Cəmi 4 “şirvan” (hazırkı pulla 8 manat) maaş alırdıq, şərait yox idi, amma Hüseynağa müəllim böyük əsərlər qoyurdu. Makaron şorbası içib, Kral Liri, Karmeni, Hamleti oynayırdıq, çiçotka rəqsi edirdik. Çünki həvəsləndirirdi, ruh yüksəkliyi yaradırdı. Aktyor üçün ən önəmlisi budur. Bu gün elə yaşımdır ki, sabah indi oynadığım rolları oynaya bilməyəcəm. Bu gün ruhum ac gəzirəm. Seriallarda özümü göstərirəm, amma doğma evim olan Musiqili Teatrımızda yox. Xarici dil istəyirlər o da var. Rus və ingilis dillərində də oynaya, rolumun öhdəsindən gələ bilərəm. Amma nə olsun ki, onun da faydasını görmürəm. 

- Yaşlı aktyorların teatrdan göndərilməsinə necə baxırsınız?

- Bu bilirsiniz nəyə oxşayır? Ailədə yaşlanan valideyni aparıb qocalar evinə atırsan. Aktyorun yaşı olmur. Aktyor səhnədə rolunu oynaya bilirsə, onu niyə işdən çıxarsınlar? Hər bir teatra ağsaqqal, ağbirçək lazımdır. Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Ağsaqqalı, ağbirçəyi olmayan teatrda nizam-intizam olmaz. Onlar hamısı müəllimdir, məktəbdir. Yaşlı nəsil təcrübədir, sənətin incəliklərini onlardan daha yaxşı öyrənmək olur.

- Bəs onların gənclərə qısqanclıqla yanaşdığı olur?

- Şəxsən mən görməmişəm. Musiqili Teatra gələndə Hacıbaba Bağırov, Ofeliya Aslan, Lütfiyyə Səfərova, Afaq Bəşirqızı, Xanım Qafarova, Ramiz Məmmədovla çalışmışam, onlarla birgə səhnəyə çıxmışam, mənə dəstək olublar. Yaxud, Kukla Teatrında mono tamaşayla işləməyə başlamışam. Bizdə məgər İncəsənət Universitetində kukla aktyoru təhsili var? Yoxdur. Mənə kuklalarla işləməyi Kukla Teatrındakı yaşlı nəsil öyrədib.

- Çox zaman aktyorlarla danışırıq, dərdlərini, gileylərini dilə gətirirlər amma sonda deyirlər bunu yazma. İşdə rəhbərliyin təzyiqlərindən və ya nəyisə itirməkdən qorxurlar.

- Mən deyirəm, dediklərimin də arxasında dururam. Tamaşaçı sevgisini ən böyük qazancım sayıram. Çünki ən əsas meyar tamaşaçıdır. Hə, bir də istedadıma, bacarığıma, səhnə imkanlarıma güvənirəm.

- Sizi teatrda heç incitməyiblər?

- Bir dəfə olub. Dublyor kimi oynadığım tamaşada məşqə gəlmədiyim üçün kateqoriyamı aşağı saldılar, söhbət Musiqili Teatrdan gedir. Halbuki, öncə xəbərdarlıq, töhmət elan olunmalıydı. Nəticədə illərlə cırmaqlayaraq qazandığım kateqoriyamı aşağı saldılar. Və onda mən ərizəmi yazıb işdən çıxdım. 2 ildən sonra Musiqili Teatrın rəhbəri Əliqismət Lalayev geri qayıtmağım üçün xahiş elədi. Teatra qayıtdım, həm də teatr üçün çox darıxmışdım. Qayıdandan sonra Əliqismət müəllim söz verdi ki, fəxri ad da veriləcək. Amma verilmədi. Direktor dedi ki, səndən qabaq uzun müddət burda çalışan aktyorlar var, onlara verilməlidir. Sonradan gördüm ki, 4-5 il işləyən, bir neçə rol oynayan aktyora Prezident mükafatı verildi. Mən isə 23 ildir teatrda işləyirəm, əsas rolları ifa etmişəm.

- Sizə Keyxanım deyəndə acığınız tutur?

- Bu rol sevimli obrazımdır. Mənə şöhrət gətirib. Amma mənim adım Ülviyyə Əliyevadır. Kimə Keyxanım deyilsə xoşuna gələr?

- Biz sizi “Hərənin öz tayı öz payı” filmindəki Çiçək obrazıyla tanıdıq, sevdik...

- Bəli, o mənim vizit kartım oldu. O film televiziyalara yaşıl kartım oldu, Keyxaım obrazına bu filmdən sonra dəvət aldım. Film çəkildi, 3 gün Respublika Sarayında qala keçirildi. Vəssalam. Uzun bir səssizlik. 1 ildən sonra anidən bu film dəbə düşdü və günün birində oyandım ki, mən məşhuram. Küçəyə çıxanda hamı mənə Çiçək deyirdi. Yəqin rayona gedən avtobuslarda nümayiş etdirirmişlər (gülür).

- Sizin üçün komediya oynamaq asandır ya dram?

- Heç biri asan deyil. Mən eyni yerdə eyni ampluada qalmağı sevmirəm. Əsas odur, rejissor sənə güvənsin və sənə o fərqli rolu tapşırsın. Peşəkar rejissorun əlində komediya ustası gözəl dram aktyoruna dönə bilir. Saida Haqverdiyevanın Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” bədii filmində dramatik bir obrazı, əsirlikdə olan qadını ifa etmişəm. Saida xanım risk edərək məni çəkdi, ümumi rəylər də bu rolum haqda müsbətdir. Güldürmək isə elədir ki, sanki bir ülgücün üstüylə yeriyirsən. Dozası az olsa, çatdıra bilmirsən, çox olsa şit çıxır. 

- Bir zamanlar filmlərdə səhnəarxası gülüş səsləri gəlirdi, qəhqəhə səslənirdi. Süni gülüş. Bizə sanki gülməyi də öyrədirdilər ya buna nə ad verək?

- Spesifika idi. İlk sitkom komediya çəkiləndə biz də bilmirdik neynəyək. O zaman elə bu serialları da Elməddin Cəfərov çəkməyə başladı. Hətta bir sirr açım. Serialımızın çəkilişinə Gürcüstandan məşhur bir kinorejissor qonaq gəlməliydi. Bilmədiyimiz bir janrda işləyəcəyik. Gərək axı biləsən “avakadonu necə yemək, necə bişirmək lazımdır”. Dedik nəsə soruşsa, bilməsək deyərik bu “bərquni”dir. Sözdür də, deyərik ki, ruscasını bilmirik, bizim dilimizdə də buna bərquni deyirlər. Odur budur, tamaşada nəsə bir anlaşılmazlıq olanda zarafatla deyirik bu bərquni oldu (gülür). Amma bərquniyə ehtiyac qalmadan rejissorla dil tapdıq.

- Bu qədər işin gücün arasında ailənizə zaman çatdıra bilirsiniz?

- Bəli. Gecədən bütün işlərimi görürəm. İşləyəndə enerjim çox olur. Mən iş olmayanda yoruluram. Ən böyük mükafatım, sevincim tamaşaçı sevgisidir. Hər dəfə yeni tamaşaçı gəlir, biz eyni tamaşanı dəfələrlə oynayırıq. Yeni tamaşaçı kütləsi qarşısında özümüzü, oynadığımız tamaşanı yenidən kəşf edirik.

- Ən yaxşı tərəf müqabiliniz kimdir?

- Toppuş bacı, Tünzalə Əliyeva. Ruhumu hiss edir. Ssenarisiz belə onunla spontan elə rol oynaya bilərik, dəqiqələrlə nitqimiz uzanar. Ən böyük arzum onunla bir səhnədə olmaqdır. Televiziyada filmlərdə olmuşuq. Çox gözəl partnoyrdur, partnyorunu oynatmağı bacarır. Hər dəfə pərdə açılmazdan öncə bir duam var. Allahım, sən mənim səsimə və istedadıma güc ver.

- Xınayaxdılara gedirsiniz?

- 10 il öncə xınayaxdıya Tünzalə ilə mən getmişik. O dəbi biz saldıq. Amma özümüzü reklam eləməmişik. Əsas aksenti teatra qoymuşam. Aktyor var, işini atıb özünü toy biznesinə verir, mənim üçün isə teatr çox önəmlidir. Ciddi aktyor statusumu qoruyub saxlamaq istəyirəm. Bizim tanıdığımız korifeylər də toylara gediblər.

- Bir az da şəxsi həyatınız barədə danışaq. Sizin iki ananız olub?

- Bəli, Allah canlarını sağ eləsin. İki anam, iki atam olub. Məni bibim böyüdüb. Məni böyüdən atam vəfat edib. Onunla dost idik. Amma körpəlikdən bilirdim ki, bioloji valideynlərim kimdir.

- Bilməsəydiniz bu sizə travma olardı? Bildiyimə görə, hər iki valideynlərinizdən yetərli qədər sevgi görmüsüz?

- Oldu. Yeniyetməlik çağlarımda adına qohum deyən xəbis ürəkli birisi mənə zəng vurub, “get ananı, atanı tap onlar sənin doğmaların deyillər” demişdi. Mən çox sarsıntı keçirmişdim. Baxmayaraq ki, həqiqəti bilirdim. Tutaq ki mən bilməyəydim , özümə xətər yetirəydim, özümü öldürəydim, o zaman sənin əlinə nə keçəcəkdi? İnsan nə qədər murdar düşünməlidir ki, özünə aid olmayan bir sirri danışsın. Bu gün övladlıq götürmüş və ya götürməyə hazırlaşan bütün valideynlərə tövsiyə edirəm ki, bu həqiqəti uşaqlarından gizlətməsinlər. Onu deməyin də bir qaydası var. Bacarmırlarsa, psixoloq yardımından istifadə etsinlər. Amma sirr kimi saxlamasınlar. 

- Əsl valideyn hansıdır sizcə, dünyaya gətirən, yoxsa böyüdən?

- Mənim üçün hər ikisi. Ümumi götürsən, əziyyət çəkən əsl valideyndir. Hər günü stress əziyyətdir.

- Sizin övladınız var?
- Yoxdur. İnşallah düşünürük, olacaq. Uşaq dünyaya gəlirsə, demək sənin ona ehtiyacın var, onun sənə yox. Sən istəmisən ki, övlad dünyaya gətirmisən və ya övladlığa götürmüsən. Avropada uşağı 18 yaşına çatandan sonra azad buraxırlar. Bu ən gözəlidir. Biz uşağa çox məsuliyyət yükləyirik. Uşağa sevgi ver ki, sabah o sevgini geri ala biləsən. Məni sevgiylə böyüdüblər. Qismət olsa, övladım olsa, mən də ona eyni tərbiyəni və sevgini verəcəm.

- Sosial şəbəkələrə tənqidlər, təhqirlər eşidəndə nə hiss edirsiniz?

- İçi çirkab olan insanlar həmişə olub. Sadəcə sosial şəbəkələr onlara meydan verib ki, ürəklərini boşaltsınlar. Dəliyə yer veriblər, əlinə bel. Əhəmiyyət vermirəm. Mən özümü bilirəm, tanıyıram. Kim başqası haqqında nə deyirsə, əslində öz içini çölə göstərir. Ruhu qaradır.

- Bəs sizi efirlərdə uşaqla görmüşük, hətta deyirdilər, uşağınız var, gizlədirsiniz?

- Bacımın qızıdır. Son zamanlar da qaynımın bir oğlu var . Süleyman. Nə qədər yorğun olsam da, işdən gələndə onu görməsəm olmaz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10605
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar