Görüşümüz məşq arası fasilə zamanı, onun qrim otağında baş tutdu. Evdən xanımının bişirib gətirdiyi meyvəli keks, mürəbbə qoymuşdu masasının üstünə. Gənc aktyorlar otağa girib çıxır, hərə bir parça götürüb gedirdi. Mən oturandan sonra otağa ondan çox aktyor boylandı, mehribanlıqla Yasin müəllimin qonağına “xoş gəldin” elədilər. Düzünü deyim indiyə qədər teatrda belə xoş bir halla qarşılaşmamışdım. Bu hörmət mənə deyildi, Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident təqaüdçüsü, illərin sənətkarı Yasin Qarayevə idi.
Lent.az yüzlərlə maraqlı obraza həyat vermiş aktyor Yasin Qarayevlə müsahibəni təqdim edir:
- Yasin müəllim, deyəsən çox sevirlər sizi. Bayaqdan otağa girən çıxanların sayı bilinmir...
- Mənə görə gəlmirlər ki, keks yeməyə gəlirlər (gülür). Sağ olsunlar, xətrimi əziz tuturlar. İstedadlı gənclər mənim dostumdurlar. Gənclərlə oturub dururam. Əslində teatrda yaşlılar o qədər qalmayıb. İstedadlı cavanları çox sevirəm.
- Dostluq etməniz üçün qarşınızdakının istedadı önəmlidir, yoxsa xarakteri?
- İstedadı. Mənim təcrübəm, yaşım ondan çoxdur, cavan adamı öz xasiyyətimə kökləyə bilirəm. Köklənmək önəmlidir. Yarım ton aşağı-yuxarı oldunsa, köklənə bilmirsən insanlara.
- Bu günə qədər əməyinizə verilən dəyərdən razısınız?
- 49 ildir səhnədəyəm. Tezliklə 50 il olacaq. Yaşadığım hər şeydən razıyam, peşman deyiləm. Yaşa dolmuşam, yaşın özü təcrübədir. Bu yolu seçmişdim. Teatr taleyimdən razıyam. Bir dəfə mərhum jurnalist Mailə Muradxanlı müsahibə almışdı məndən. Səhvən götürüb haqqımda prezident təqaüdçüsü yazmışdı, dedim Mailə xanım, mən mükafatçıyam, təqaüdçü deyiləm, güldü dedi, qarışma, mən bilirəm, nə yazıram. Yazdı da oldu da (gülür). Bir şeyi deyə bilərəm ki, nə yaxşı məhz bu teatra gəldim. Rəhmətlik Gülşən Qurbanova, Azər Mirzəyevlə birgə gəldik, tez bağrına basdı bizi teatr. Bu teatrı Gülşənin atası Ağadadaş Qurbanov yaratmışdı. Məhrəm münasibət yarandı. Həmin il 16 -18 aktyor kollektiv şəkildə teatrı tərk etmişdi, boşluq yaranmışdı. Bizə tez rollar verildi, yol açıldı. Teatr İncəsənət İnstitutundan səsi olan aktyor istəmişdi, o vaxt musiqili komediya fakültəsində oxuyurdum, məni məsləhət bilmişdilər. Beləcə gəldim və heç vaxt ayrı yerdə olmaq istəmədim. Daha yaxşı maaşla dəfələrlə başqa teatrlara çağırdılar, getmədim, çünki mənə ağsaqqal aktyorlar vəsiyyət ediblər ki, sənin yerin buradır.
- Aktyorların da şanslısı var, şanssızı var. Bəziləri istedadı olsa da, illərlə üzə çıxa bilmir, tanınmır. Bu məncə aktyor üçün böyük faciədir.
- Bilirsinizmi gərək səbir etməyi də bacarasan. Bir gün bu teatrda, sabah o teatrda olanda, gündə bir budağa qonanda alınmır. Gərək işlədiyin yerə sədaqətli olasan. Gələn kimi yağ-bal olmur. Zəhmət çəkməlisən. Eləsi var dözmür gedir.
- Adətən komik obrazlarda görməyə alışdığımız Yasin Qarayevi bu gün “VXA” tamaşasının məşqlərində çox qəddar bir kişi obrazında gördüm. Orta yaşlı nəslin insanları sizi “Komediyalar aləminə səyahət” proqramındakı duzlu-məzəli obrazlarınızla xatırlayırlar.
- Düz deyirsiniz. Əli Əmirlinin “Cəza” əsərində Mircəfər Bağırovun prototipini canlandırmışdım. Tamaşaçı sevdi. “VXA” tamaşasında qəddar konvoy rəisini oynayıram.
- Bir çox aktyorlar, rejissorlar realizm xətrinə səhnədə hər şeyin mübah, yolverilən olduğunu deyirlər. Səhnədə intim münasibətlərin canlandırılmasına necə baxırsınız?
- Səhnə ilk növbədə estetikliyi təbliğ edir, ferma həyatından bəhs edilən əsər oynanılırsa, real alınsın deyə gətirib səhnəyə peyin tökmək olmaz. Səhnədə hər şeyi göstərmək olmaz. Çılpaqlığın göstərilməsi cılızlıqdır. Mən belə düşünürəm.
İntim münasibətlərin, açıq-saçıq səhnələrin oynanılmasına qarşıyam. Bu adət-ənənəmizə yaddır, belə şeyləri sevmirəm və baxa bilmirəm. Əgər baxa bilmiriksə, onu niyə səhnəyə çıxaraq? İntim münasibətlərdə üçüncü adam artıqdır. O şeyləri səhnəyə çıxmasına qarşıyam. Bu o demək deyil ki, mən geri qalmışam. Sevişmə səhnəsini çox estetik şəkildə göstərmək olar. Keçmiş filmlərdə olduğu kimi.
- Son bir-neçə ildə teatra axın güclənib. Sizcə bu nə ilə əlaqəlidir?
- Teatra tamaşaçı axınından çox razıyam. Bu gün məşqini etdiyimiz “VXA” tamaşası 4 saat gedir. Əvvəl tərəddüd edirdim ki, tamaşaçı buna səbir edib baxa biləcəkmi? Bir hissə elə 2 saatdır. Amma tamaşa nümayiş etdirildi və gördüm ki, sonda zalı bir nəfər də tərk etməyib. Bu sevindiricidir. 75 aktyor rol alıb, 50 ilə yaxındır səhnədəyəm, hələ belə kütləvi tamaşa görməmişəm. Amma baxılır, biletlər açıq kassadan satılır. İnsanların sənətə aclığı meydana gəlib. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Müharibə, şəhidlər, qazilərimiz, pandemiya...İnsanların ehtiyacı var idi ki, gedib haradasa içinə yığılmış duyğularını boşalda bilsin. Ağrılarımız var. Bunun üçün teatrdan yaxşı yer ola bilməz. Mən sizin sayt vasitəsi ilə Ali Baş Komandana təşəkkür edirəm, onun qarşısında baş əyirəm, belə bir Prezident yoxdur. Bəlkə də heç olmayacaq. Çox səmimiyəm bu düşüncələrimdə.
- Səhnədə sizə hansı aktyorlarla daha rahatdır? Və kiminlə eyni səhnəni bölüşmək xoş deyil?
- Azər Mirzəyevlə, Gülşən Qurbanova ilə səhnədə çox rahat idim. Bir-birimizi baxışımızdan anlayırdıq. Narahat aktyora rast gəlməmişəm.
- Bəs sizinlə başqalarına eyni səhnədə rahatdır? Kaprizlisiz?
- Yox kaprizim yoxdur, mənimlə səhnəyə çıxmağa can atırlar. Əməkdar artist Elnur Hüseynov mənə həmişə “ata” deyib, müraciət edir, oğlum kimi sevirəm onu. Deyir səhnəyə səninlə çıxmaq istəyirik.
- 50 ildə arzulayıb, oynamadığınız rol oldu?
- Bir müəllimim var idi, Ulduz xanım. Rejissor idi, “Şirinbala bal yığır” tamaşasının məşqləri gedirdi, mən də məşqə baxırdım. Ürəyimdə dedim, “bu Şirinbalanı mən nə oynayaram”. Ulduz xanıma dedim. Dedi ki, oğlum, aktyor rejissordan rol istəməz, rolu verərlər. Qulağımda sırğa elədim, bir dəfə rol istəmədim. Aktyor var rol üçün şikayət edir, ora bura ərizələr, məktublar yazır. Bircə dəfə Azərpaşa Nemətovdan rol istədim. Bizdə işləyəndə. Azərpaşanın rejissorluğundan ötrü hələ çox darıxacaqlar.
- Amma, ondan narazılıq edənlərdə çox oldu...
Bilirəm, elə ona görə deyirəm. Bu teatrı onun atası yaradıb, Zəfər Nemətov. Bu gün köhnə bakılılar bu küçədən keçəndə “Zəfərin teatrı” deyirlər, möhürünü qoyub gedib. Azərpaşa aktyorla işləməyi, improvizələrə yol verməyi bilirdi, uğurlu fikirlərə açıq adam idi. Unutmuram heç, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” tamaşasının məşqləri gedir. İstədiyini ala bilmədi acıqlandı, ərklə dedi, “durun cəhənnəm olun, 2 gün vaxt verirəm. Hazırlaşın, tapıntılarla gəlin”. O tamaşada mən maraqlı bir tapıntı eləmişdim, sinifdə uşaqlar müəllimin dərsini pozmaq istəyirlər, mən şagird rolunda idim, elə edirəm ki, guya sinfə milçək girib, vızıldayır, milçəyin səsini çıxarırdım, sonra onu tutub öldürürdüm. Milçək vızıltısını Simayi Şəms ladı üstündə çıxarırdım. Əvvəl acıqlandı, sonra qəbul elədi. Bu səhnə oynananda zal alqışlardan dağılırdı. Belə tapıntılara yol verirdi.
- Rejissorla razılaşmaya bilirsiniz?
- Bəli. Rejissoru gərək inandırasan. Ağıllı rejissor qəbul edir. Loğman Kərimov bir tamaşa qoymuşdu. Mizanları dediyi yerdə etmirdim. Səbəbini soruşanda dedim akustika yoxdur. Səhnədə mikrofonlar xarab olub. Heç kim fikir vermir. Bilirəm ki səhnənin hansı hissəsində dayansam zala səs yaxşı gedəcək. Akustika problemi əksər teatrlarımızda var.
- Akustika dediniz xatırladım, sizin gözəl səsiniz də var idi.
- Musiqili komediya fakültəsini bitirmişəm, orada səsi olanları götürürdülər. Mərhum müğənnilər Baba Mahmudoğlu, Rusif Məmmədovla oxumuşam. Baba Neft Kimya İnstitutunu qurtarıb gəlmişdi, çox da savadlı insan idi. Bəlkə inanmayacaqsınız, mən Nəsibə Zeynalova ilə də qrup yoldaşı olmuşam. O zamanlar Nəsibə xanımın artıq 50 yaşı olardı. 1967-ci ildən gedir söhbət. Ona Xalq artisti adı veriləndən sonra birinci kursa gəlmişdi. Nəsibə xanıma diplom verib o fakültədə müəllim kimi saxlamaq idi niyyətləri, buna görə oxuyurdu. Biz beş il eyni kursda oxuduq. “Arşın mal alan”da o xala idi, mən də nökər Vəli. Bu tamaşada bizim bir səhnəmiz var idi. Xala Əsgərə deyir ki, səni rəhmətlik bacım mənə əmanət eləmişdi, kövrəlib ağlayır. Bu yerdə mən də o rəhmətlik bacının evində işləmiş nökər olaraq ağlaş qururdum. Nəsibə xanımla mənim bu ağlaş səhnəmizi insanlar qəhqəhələrlə və dəqiqlərlə ayaq üstə alqışlayaraq qarşılayırdılar. Nəsibə xanımla tərəfdaş olmağın özü böyük xoşbəxtlik idi. İmprovizəni çox sevən aktrisa idi. Müəllimim Rza Təhmasib bu tamaşadan sonra mənə Vəli deyirdi. Bu rola görə girmədiyim dərsdən 4 qiymət yazdırmışdı mənə.
- Bir dəfə sosial şəbəkələrdə sizin ikiüzlü insanları fahişəyə bənzətməyiniz müzakirələrə səbəb oldu.
- İkiüzlü insanları sevmirəm. Gərək sözünün ağası olasan, ikiüzlü adamın xisləti pozğundur. Belə düşünürəm. Məni bu günlərdə nə çox üzdü bilirsiniz? Qənirə xanıma qarşı münasibət. Yalandan dəfələrlə ölüm xəbərini verdilər. Onun qədər əzmkar, işləyən, diqqətcil deputat olmamışdı bu günə qədər. İnciməsinlər.( kövrəlir) Gözəl insan idi, çox üzüldüm onun üçün. Onu sevdiklərini yazıb ölümünə tələsmək də ikiüzlülük deyildimi?
- Sizin bir qonşu obrazınız var idi. Yaşayış binasında qoyun-quzu saxlayıb əkin əkirdi, qonşularına əziyyət verirdi. Bir qohum, qonşu olaraq Yasin Qarayevi necə tanıyırlar?
- Elə gün olmaz ki, qohumlarla əlaqə saxlamayaq. İndi internet uzaqları yaxın edib. Qonşularla da mehribanıq. Gəlib soruşsanız yəqin şənimə yaxşı söz deyərlər. Həsən Əblucun ailəsi ilə qonşuyuq, həm müəllimim həm dostum, həm qonşum olub. Bir ailə kimiyik, onları öz böyük qardaşımın ailəsi bilirəm.
- Ailəniz haqqında çox az danışmısınız. İstərdik onları da tanıyaq.
- Xanımım Şəmsiyyə Qarayeva 25 il dövlət radiosunda diktor işləyib. İndi pensiyadadır. Bir oğlum, iki nəvəm var. Oğlum İctimai TV-də işləyir. Prezidentin mənə bağışladığı evi nəvəm Rasimə vəsiyyət etmişəm.
- Şəmsiyyə xanımla necə tanış olmusuz?
- Qonşu idik. O zamanlar “Damğa” satirik xalq teatrı var idi, orda tamaşalar hazırlayırdıq. Tamaşalar olanda qonşulara dəvətnamə aparırdım. Onlara da bilet verirdim, beləcə münasibətlər yarandı. Mən məşhurlaşmamışdım, o da hələ uşaq idi. Biz evlənmək istəyəndə onun yaşı çatmadı, xeyli nişanlı qaldıq. Gözlədik, pasport alsın. Biz evlənəndən sonra mən imkan yaratdım, İncəsənət Universitetinə girdi, Mədəni Maarif fakültəsinə. Özüm hazırladım onu. Oxudu, işlədi. Mən xanımımdan çox razıyam, o mənə Allahın hədiyyəsidir
- Bəs siz onun üçün hədiyyə sayıla bilərsiniz?
- Yəqin ki hə. Onun qayğıları ilə yaşayıram. Ömür keçib, gün keçib. 50 ildən çoxdur həyat qurmuşuq, oğlumuzun 50 yaşı var. Hər ailəyə belə uzun ömür arzu edirəm. Evdə nə isə usta işi lazım olanda hamısını özüm həll edirəm. Əlimdən gəlir. Tez-tez deyir sən olmasaydın biz nə edərdik? Mən Allahımdan da razıyam, yoldaşımdan da.