Sevdiyiniz insanla izləyə biləcəyiniz romantik  filmlər
30 iyul 2026 16:56 (UTC +04:00)

Sevdiyiniz insanla izləyə biləcəyiniz romantik filmlər

0

Bəzən günün yorğunluğunu unutmaq və xoş axşam keçirmək üçün yaxşı bir romantik film kifayət edir. Sevgi, ayrılıq, təsadüfi qarşılaşmalar və həyatın çətin seçimlərindən bəhs edən bu filmlər tamaşaçıya fərqli duyğular yaşadır.

Lent.az sevdiyinizlə izləyə biləcəyiniz romantik filmləri təqdim edir:

“A Star Is Born”

Sevgi, istedad və böyük şöhrətin bədəli haqqında təsirli hekayədir. Təcrübəli musiqiçi Cekson Meyn təsadüfən istedadlı, lakin özünəinamı zəif olan müğənni Elli ilə tanış olur. O, qıza böyük səhnəyə doğru ilk addımlarını atmaqda kömək edir.

Ellinin karyerası sürətlə yüksəldiyi halda, Cekson şəxsi problemləri və narkotik asılılığı ilə mübarizədə getdikcə daha çox çətinlik çəkir. Bu, yalnız romantik film deyil, həm də dəstək, fədakarlıq və uğurun insan həyatını necə dəyişə biləcəyi haqqında emosional hekayədir.

“We Live in Time”

Sevginin gözlənilmədən yaranması və ən ağır sınaqlardan keçməsi haqqında olduqca təsirli filmdir. Ekran işi sevdiyimiz insanlarla keçirdiyimiz hər dəqiqənin nə qədər qiymətli olduğunu xatırladır. Film romantik anlarla yanaşı, həyatın faniliyi və zamanın dəyəri barədə də düşündürür.

“Past Lives”

Uşaqlıq illərində yolları birləşən, daha sonra isə həyat tərəfindən ayrılan iki insanın incə və duyğusal hekayəsidir. Onlar uzun illər sonra yenidən görüşür və keçmişdə fərqli seçim etsəydilər, bir-birləri üçün kim ola biləcəklərini anlamağa çalışırlar.

Film sevgi etirafları və dramatik hadisələrdən daha çox deyilməmiş hisslərdən, xatirələrdən və zamanın gücündən bəhs edir. Eyni zamanda bir qərarın bütün həyatı necə dəyişdirə biləcəyini göstərir.

“Me Before You”

Son illərin ən məşhur romantik dramlarından biri tamamilə fərqli iki insanın gözlənilməz tanışlığından bəhs edir. Həyatsevər Luiza bədbəxt hadisədən sonra əlil arabasında yaşamaq məcburiyyətində qalan uğurlu iş adamı Villə qulluq etməyə başlayır. Əvvəlcə onların arasında çoxlu anlaşılmazlıqlar yaransa da, zaman keçdikcə münasibətləri səmimi sevgiyə çevrilir. Film sevginin insanı dəyişdirmək və həyata yenidən bağlamaq gücünü göstərir.

“Anyone But You”

Uğursuz ilk görüşdən sonra bir-birinə dözə bilməyən iki gənc haqqında romantik komediyadır. Tale onları dostlarının toyunda yenidən qarşılaşdırır. Hər ikisi müəyyən məqsədlər naminə özlərini sevgili kimi göstərməyə qərar verir. Lakin zaman keçdikcə saxta romantika həqiqi hisslərə çevrilməyə başlayır. Buna baxmayaraq, hər ikisi yaranan sevgini uzun müddət inkar etməyə çalışır.

“Purple Hearts”

Tamamilə fərqli həyatlara malik iki insan arasında yaranan gözlənilməz bağdan bəhs edən romantik dramdır. Kessi musiqi sahəsində gələcək qurmağa çalışan istedadlı müğənni, Lyuk isə çətin keçmişi olan hərbçidir. Müəyyən səbəblərə görə onlar əvvəlcə yalnız formal xarakter daşıyan nikah bağlayırlar. Lakin zaman keçdikcə münasibətlərində həqiqi yaxınlıq və səmimi hisslər yaranır. Film sevginin ən gözlənilməz şəraitdə belə meydana çıxa biləcəyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar