Dünən Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovun vəfat etməsi barədə məlumat vermişdik. Bu günə qədər səhnələşdirdiyi əsərlər, ifa etdiyi obrazlarla tamaçıların rəğbətini qazanmış Xalq artisti 75 yaşında dünyayla vidalaşdı. Özündən sonra xatirəsini ehtiramla yad edəcək dostlar, yaddaşlarda yaşayacaq obrazlar, ilhamının, əməyinin məhsulu olan onlarla tamaşalar qoyub getdi. Biz onu daha çox müxtəölif film və tamaşalrda oynadığı epizodik, lakin rəngarəng obrazlarla xatırlayacağıq. Tipik Azərbaycan kişisi, Bakı qoçusu rollarnı xüsusi məharətlə oynayar, özününküləşdirərdi.
“Onu oğlunun dərdi öldürdü”. Bu sözləri Lent.az-a Vaqif Əsədovun gənclik dostu, Xalq artisti Rasim Balayev səsləndirir. Qəhərlənən, üzüntüdən söz tapıb danışa bilməyən Rasim Balayev qırıq-qırıq kəlmələrlə dostu barədə yalnız bir neçə kəlmə deyə bildi. “Heç nə deyə bilmirəm, xəbər qəfil gəldi, dünəndən özümə gələ bilmirəm özümü çox pis hiss edirəm. İndi dəfnə gedirəm. Əziz bir adamıyla vidalaşmaq çox çətindir. O mənim gəncliyimin dostu idi. Tələbəliyimiz birlikdə keçib. Vaqifi oğlunun dərdi öldürdü. Koronavirus onun oğlunu əlindən aldı. Dərdi böyük idi. Nur içində yatsın. Vaqif gözəl dost, gözəl də sənətkar idi”.
Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il mayın 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.
1978-ci ildə Əməkdar artisti, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.