Ötən ilin son mənzili... – Mədəniyyət sahəsində kimləri itirdik?
30 dekabr 2020 16:50 (UTC +04:00)

Ötən ilin son mənzili... – Mədəniyyət sahəsində kimləri itirdik?

2020-ci ili təntənə ilə qarşıladığımız gecə heç ağlımıza da gəlməzdi ki, bu il bizə işğal altında qalan torpaqlarımızı qazandıracaq, amma itkilərimiz ağır olacaq. Bilməzdik ki, göz yaşlarımız ilboyu axacaq, sevinc kədərə qarışacaq. Həyat elə budur - ağlagəlməzliklərin başa gəldiyi yer.

Bizə qələbə qazandıran, torpaqlarımız işğaldan azad edən Azərbaycan oğulları qarşısında baş əyirəm - şəhidimin ruhu, qazimin özü qarşısında. Döyüşlərdə gendən-yaxından iştirak edən hər kəsə, Qarabağın işğaldan azad edilməsində bir damcı əməyi olanlara belə təşəkkür edirəm. 

2020-ci il həm də sənət camiəsində itkilərlə yadda qaldı.

***

Fevralın 29-da  Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı qəflətən dünyasını dəyişib.

Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub.

Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində, Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

Ömrünün sonuna qədər bu teatrda çalışıb. Televiziyada və kinoda fəaliyyəti olub. Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Suraxanı qəbiristanlığında dəfn olunub.

***

Xalq artisti, Akademik Dram Teatrının aktyoru Rafael Dadaşov martın 16-da ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyindən vəfat edib.

Rafael Məlik oğlu Dadaşov 1946-cı il yanvarın 14-də Zaqatalada dünyaya gəlib.

Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın xalq artisti,  "Şöhrət" ordeni laureatıdır.

1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Aktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğludur.

Rafael Dadaşov 1976-cı ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb.

Əfsanəvi “Qaya” qrupunun solisti Rauf Babayev də 2020-ci ilin itkiləri siyahısındadır.

Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda Leninakanda (Gümrü) anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili alıb

O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlayıb. 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olub.

2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləyib.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır.

Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat edib. İkinci Fəxri xiyabanda dəfn edilib.

Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət" ordenlidir.

***

Aktyor-rejissor, Xalq artisti Rafiq Əliyev 1949-cu ilin noyabrında Qaryagində (Füzuli) anadan olub.

1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsini bitirib. 1976-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyib. Aktrisa Şəfəq Əliyevanın həyat yoldaşıdır.

Azərbaycan Xalq artisti,  Prezidentin fərdi təqaüdçüsü idi.

***

Onu hamı Teymur əmi kimi tanıyırdı. Xalq artisti, xanəndə Teymur Mustafayev. Mustafayev Teymur Ağaxan oğlu 1939-cu ildə aprelində Cəlilabad rayonunda anadan olub. (

Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb.

Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini də bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti idi.

Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olub.

Teymur Mustafayev 11 iyun 2020-ci ildə Bakıda vəfat edib. 

***

Daha bir Cəlilabadlı sənətkar dekabrın 22-də koronavirusdan dünyasını dəyişib.

Xanəndə, Xalq artisti Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub.

1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 50 ildən artıq bu teatrın muğam bölməsinin solisti kimi fəaliyyət göstərib.

Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti, Azərbaycan Respublikasının Xalq artistidir.

***

Diktor, xalq artisti Sabir Ələsgərov da bu il dünyasını dəyişib.

Sabir  Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə  Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu  bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә  televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. "Xәbәrlәr" informasiya proqramının, "Sәadәt", "Günün nәbzi", "Sәfa" vә s. verilişlәrin daimi aparıcısı olub. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.

Xalq artisti, Prezident təqadçüsü idi.

***

Musiqiçi, bəstəkar Səid Rüstəmovun qızı Tamella Rüstəmovanı da bu il son mənzilə yola saldıq. Geniş tamaşaçı kütləsi onu “Ulduz” filmindən Ulduz, “Böyük dayaq”dan Maya kimi tanıyır.

Tamilla Rüstəmova 1936-cı ildə Bakıda Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olub. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirib. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçüb.

2020-ci ildə Moskvada vəfat edib, orda da dəfn edilib.

***

Əməkdar artist, aktyor  Rəşid Səməndər noyabrın 20-də 45 yaşında intihar edib.

Rəşid Səməndər 5 mart 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində, Bakıda anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışıb.

Səhhətində yaranan problemlər ucbatından 2016-cı ildə teatrdan uzaqılaşıb. Müalicə alandan sonra İrəvan Dövlət Teatrına işə düzəlib. Son vaxtlar yenidən psixoloji durumu gərginləşib.

Aktyor Bakıda, yasamal məzarlığında dəfn edilib.

 

Milli Dram Teatrı bu ilin iyulunda daha bir aktyorunu itirdi. Əməkdar artist Tofiq Hüseynov 71 yaşında xərçəngdən dünyasını dəyişdi.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakıda  anadan olub.  1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Müxtəlif tearlarda çalışıb. 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.

Əməkdar artist, Prezident mükafatçısı olub.

Yazıçı-dramaturq Aqşin Babayevi də 2020-ci ilin iyununda itirmişik.

Filologiya üzrə elmlər doktoru, professor, əməkdar jurnalist idi.

Aqşin Əlisəttar oğlu Babayev 1936-cı ildə Bakıda dünyaya gəlib. Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri idi.

***

Əjdər Həmidov 1953-cü il sentyabrın 28-də Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb.

1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Ömrünün sonuna qədər bu teatrda çalışıb.

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2006-cı ildə çəkilmiş "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Xalq artisti, Prezident mükafatçısıdır.

Əjdər Həmidov 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.

***

Dekabrın 20-də əməkdar artist Atabala Səfərovu itirmişik.

Səfərov Atabala Osman oğlu - 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Arada başqa qrup və teatrlarda işləsə də ömrünün sonlarında yenmə dogma teatrında çalışıb.

***

Səfurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub.

Azərbaycan Prezidentinin II dərəcəli mükafatçısı, xalq artisti, fərdi Prezident təqaüdçüsü idi. 

Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.

***

Əməkdar artist Almaz Mustafayeva 26 dekabrda yüksək şəkərdən dünyasını dəyişib. 

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub. Ömrünün sonuna qədər bu teatrda işləyib.

"Qızıl Dərviş" mükafatçısı, əməkdar artistdir.

***

Həmkarlarımız Əmrah FəqanoğluRəşad Süleymanovu da 2020-ci ildə COVİD virusundan itirmşik. Hər ikisi mətbuatda imzası ilə tanınan qələm adamlarındandı.

***

2021-ci ilin astanadayır. Ürək istər ki, Qarabağda qələbəmizi möhkəmləndirib, uğurlu bərpa prosesi və əhalinin doğma yurd yerlərinə qaytarılması ilə tariximizə yazılsın.

 

 

 

# 7458
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar