Onu yaraşıqlı olduğuna görə filmə çəkdilər:   - 90 yaşı tamam oldu
14 iyun 2022 19:44 (UTC +04:00)

Onu yaraşıqlı olduğuna görə filmə çəkdilər: - 90 yaşı tamam oldu

Bu gün özünü dünyanın vətəndaşı adlandıran rejissor, aktyor Tofiq Mirzəyev “Xalq artisti” adı və “Şöhrət” ordeni ilə təltif olunub. Artıq 30 ildən çoxdur Azərbaycanda yaşamasa da, o tamaşaçıların yaddaşında özünəməxsus iz buraxa bilib.

İyunun 16-da Tofiq Mirzəyevin 90 yaşı tamam olur.

Lent.az unudulamz sənətkar haqqında maraqlı məlumatları təqdim edir.

Tofiq İbrahim oğlu Mirzəyev 1932-ci ildə Gədəbəydə anadan olub. Anası Bella İlyişina yəhudi əsilli olsa da, Azərbaycanda yaşayıb. Biz onu ən çox “Nəsimi” filmindəki Dövlət bəy və “Uşaqlığın son gecəsi” filmindəki Rüfət rolları ilə xatırlayırıq. Xarici görünüşünə görə avropalı aktyorlardan geri qalmayan Tofiq Mirzəyev filmlərə məhz  yaraşığına görə dəvət almışdı. 

O, əslində musiqiçi olmaq istəmişdi, klarnet ifaçısı idi. Hətta maestro Niyazinin dəvəti ilə Dövlət simfonik orkestrinə gəlmiş, bir müddət burda çalışmışdı. Günlərin birində xəstələnir və həkimlər ona klarnetdən uzaq dayanmağı tövsiyə edirlər. Tofiq isə həyatını incəsənətdən ayrı təsəvvür eləmirdi.

Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev Moskvaya oxumağa gedir və Mərkəzi Televiziyanın rejissorluq kurslarına daxil olur. Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev ömrünün 25 ilini bura bağlayır.  O, Azərbaycan Televiziyasında ilk musiqi proqramları və film-konsertlər hazırlayır. AzTV-nin baş rejissoru olan Arif Babayev ona televiziyada  və kinoda ilk addımlarını atmaqda çox kömək edib.

Aktyorun yaxın dostu yazıçı Anar xatirələrində qeyd edir:

"Kinematoqraf" da Hollivud bənizli bu yaraşıqlı kişidən yan keçə bilməzdi. Tofiqi ilk dəfə kinoya Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Uşaqlığın son gecəsi" filmiylə Arif Babayev gətirdi. Tofiq danışırdı ki, kinostudiyanın Bədii Şurasının filmə baxışından sonra həyəcanlı imiş. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Adil İsgəndərov onu kabinetinə çağırır.

"Hə, indii deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz". Tofiq belə düşünürmüş. Adil İsgəndərov isə cəmi bircə kəlmə deyib: "Sən çəkiləcəksən".

İlk film ona uğru gətirir və bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilir. Onun iştirakı ilə çəkilən “Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq"  filmləri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil edilib. Tofiq Mirzəyev 1976-cı ildə Əməkdar artist adına layiq görülüb.

Xarici film istehsalçılarının “Cinahsız cəbhə” (Rusiya), “Cəhbə arxasında cəbhə” (Rusiya), “Düşmən arxasında cəbhə” (Rusiya, Çexoslovakiya, ADR), “Müsahibə alan adam” (Belarus) filmində çəkilib.

Tofiq Mirzəyev "Qaya" vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır. 

Aktyor həm də Anarın həyat yoldaşı Zemfira xanımın bacısı Elmira Səfərovanın həyat yoldaşı olub. 

Ömrünün orta yaşlarında həyat yoldaşı Elmira Səfərovanın vəfatından sonra Tofiq həmişəlik Bakını tərk edərək İsrailə köçüb. 30 ildən çoxdur İsraildə yaşayır. Aktyorun yeganə oğlu Teymur isə yaşamaq üçün Avropanı seçib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3225
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar