O, milyonları olanda belə bazarda satıcılıq edirdi - Üzüylə danışan adam
18 iyun 2022 18:01 (UTC +04:00)

O, milyonları olanda belə bazarda satıcılıq edirdi - Üzüylə danışan adam

Lent.az  “ Bir ulduz axdı” layihəsi çərçivəsində növbəti  məşhuru xatırlayır. Bu gün unudulmaz fransız aktyoru, 150 filmdə əsas rolda oynamış komediya aktyoru Lui De Funesi xatırlayırıq. 

Onu  heç kim gənc xatırlamır. Çünki ulduza çevriləndə artıq qocalmışdı. Azərbaycanlı tamaşaçılar onu balaca boylu, arıq, əyri ayaqlı, əsəbi jandarma kimi xatırlayır. Çirkin, dözülməz xarakter sahibi olsa da o dünya kinosunda məşhur və yaraşıqlı Alen Delondan daha çox sevilməyi bacardı.

1914-cü ildə Fransada kasıb aktyor ailəsində doğulmuşdu. Valideynləri onu Füfü deyə çağırırdı. Dəcəlliyinə görə məktəbdən qovulandan sonra kiçik yaşlarından işləməyə məcbur olmuşdu.

Ən böyük arzusu aktyor olmaq idi və məşhurlaşandan sonra 2 oğlundan bunu tələb etmiş, sözünə qulaq asmadıqlarına görə onlardan küsmüşdü.

Lui yaxşı pianoçu idi. Bərk yatdığına görə yatağının yanına 3 zəngli saat qoyardı. 

İspan və ingilis dillərini yaxşı bilirdi. 

Populyarlıq qazandıqdan sonra da əməksevərliyinə davam etmişdi, bəzən 3 filmə eyni vaxtda çəkilirdi. 

Dəhşətli dərəcədə xəsis idi. Hətta evdəki bütün şkafların açarlarını özü ilə gəzdirər, kimsəyə inanmazdı. O dərəcədə xəsis idi ki, milyonları olanda belə bazarda satıcılıq edir, hər qəpikdən ötrü dava salırdı.

Hər zaman eyni aktyor və rejissor qrupu ilə çəkilməyə üstünlük verir, bu kaprizinə əməl edilməyəndə çəkilmirdi.

Xanımı məşhur yazıçı Mopassanın nəvəsi idi və 101 yaşına qədər yaşamışdı. 

1 m 64 sm-lik boyu olan Luinin cəmi 55 kq çəkisi varmış, buna görə ordu sıralarına yararsız sayılıb. 

Hərəkətləri, mimikaları onun deyəcəklərini əvəz edirdi. Ssenaristlər məxsusi olaraq Lui üçün sözsüz obrazlar yazdılar.

Hər zaman kobud, deyingən səbirsiz insan obrazlarını oynayırdı. Həmkarları iddia edirdilər ki, o həyatda da beləydi, ona dözmək çox çətin idi. Hətta qocalana yaxın paranoyak olmuşdu, kiminsə onu daima izlədiyini düşünərək, tapança ilə gəzir, yatanda yastığının atına silah qoyurdu. 

Məşhur jandarm obrazına çəkilərkən artıq 60-dan çox yaşı var idi və şiddətli paronoya yaşadığı dönəmlər idi. Heç kim bir “ dəli”nin bu qədər məşhurlaşıb seviləcəyinə inanmırdı. 
1975-ci ildə aktyor iki infarkt keçirib. Kinonu atan Lui de Funes gül-çiçək və meyvə-tərəvəz əkməklə məşğul olub. Bir gün Jan Jironun bağa, onun yanına gəlməsi Luini yenidən dünya kinosuna qaytarıb. Bu dostluq sayəsində jandarm obrazlarından ibarət silsilə filmlər meydana çıxıb. 

Bir dəfə zarafat etmək üçün öz qapısının üstündən “Gülüş satıram” elanı asmış, pərəstişkarları bütün gün onun qapısında gözləmişdilər. Lui bu qədər ciddi qəbul ediləcəyini gözləmədiyini demişdi.

Özü haqqında "Mən əslində çox bədbin adamam, kinoda çıxartdığım oyunlar özümün bu bədbinlikdən azad olmağıma xidmət edir" söyləmişdi.

1968-ci ildə Fransanın ən çox sevilən və ən məşhur aktyoru olub. Onun qonorarı bütün həmkarlarından çox idi.
Lui de Funes 1983-cü ildə 69 yaşında dünyasını dəyişib.  


General de Qollun tərtib etdiyi Fransanın böyük şəxsiyyətləri siyahısında Lui de Funes 17-ci yerdəydi. Alen Delon belə siyahıda ondan sonra gəlirdi.


 

# 4149
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar