“Nə dolablar çevirirsən?” ifadəsini yəqin çox eşitmisiniz. Biri gizli, sirli iş görəndə ətrafdakılar belə soruşurlar. Bəs bu nə deməkdir?. Əslində bu cümlə unudulmuş gözəl bir ənənədən yadigar qalıb.
Lent.az “Belə yaranıb” rubrikasında daha bir ifadənin tarixçəsini təqdim edir.
Orta əsrlərdə müsəlman evləri, xüsusən varlı adamların həyətləri hərəm və salamlıq deyə iki hissəyə bölünürdü. Hərəm bölümünə yalnız evin kişiləri daxil ola bilərdilər. Salamlıq deyilən hissədə isə gələn kişi qonaqlar qarşılanardı. Xanımlar kişilərin gözlərinə görünməsin, lakin rahat xidmət edə bilsinlər deyə, bu iki hissənin arasındakı divara fırlanan balaca hücrələr, dolablar yerləşdirilirdi. Bir növ indiki ticarət mərkəzlərində gördüyümüz fırlanan qapılara bənzəyən bu dolablara yeməyi qoyub fırladır, qarşı tərəfdən götürürdülər. Daha sonra bu fırlanan dolablar məscidlərə, xeyriyyə evlərinin həyətlərinə də qoyuldu. Ac olan adamlar dolabın qapısını döyür, içəridəklilər qaba isti yemək, pal-paltar qoyub dolabı fırladırdılar.
Xeyirxahlıq bir-birlərini görmədən, utandırmadan edilirdi. Nə alan bilinirdi, nə verən. Bəzən varlı ailələrin qızları bu dolablardan sevgililərinə məktub ötürmək üçün də istifadə edirdilər. Dolab bir növ gizliliyin ifadəsi idi.
“Nə dolab və ya dolablar çevirirsən?” demək qarşındakının gizli iş tutmasına işarə vurmaq idi.