İslam dinində olan müvəqqəti nikahı dünyanın bir çox xalqları, eləcə də müsəlmanların hamısı birmənalı qarşılamır.
Lent.az Rusiya mediasında siğə nikahı barədə yazılmış məqaləni təqdim edir.
Müsəlmanların adətlərinin xristianların gözündə necə göründüyünü daha yaxşı anlamaq üçün oxumağa dəyər.
“Siğə” və ya “mütə” adıyla keçən bu müvəqqəti nikahın yaranmasını bəzi şərqşünaslar İslam peyğəmbərinin adıyla bağlayırlar. Bir çox tarixçilər iddia edirlər ki, İslam peyğəmbəri “Qadınlar bizə verdikləri həzzə görə mükafatlandırılmalıdırlar” kimi hədis söyləyib. Bu dəqiq olmasa da, Məhəmməd peyğəmbər dünyada çox sevdiyi dörd şeydən birinin qadın, digərinin ətir olduğunu söyləyibmiş. Onun özünün də nikahdankənar xanımlarının (kəniz və cariyələr), 4 arvadının olduğunu əsas gətirərək, siğə nikahına haqq qazandıranlar var.
Siğə və daimi nikahın fərqi nədir?
Siğə nikahında hər iki tərəf anlayır ki, bu tərəflərə daimi məsuliyyət yükləmir, fiziki tələblərin yerinə yetirilməsi üçündür.
Siğə zamanı da kişi qadına mehr (pul və ya müəyyən miqdarda qızıl) bağışlamalıdır. Siğə nikahında şahidlər tələb olunmur.
Siğə nikahından sonra uşaq doğularsa, kişi uşağına sahiblənməlidir. Kişilər istədikləri tezliklə və sıxlıqla siğə nikahına girsələr də, qadınlar üçün bu qayda keçərli deyil. Onlar ayrı-ayrı kişilərlə siğə nikahına girmək üçün mütləq 4 ay iddə müddətini gözləməlidirlər. Eyni kişiylə təkrar siğə etmək olar. Siğənin müddəti bir neçə saatdan bir neçə ilə qədər davam edə bilər.
Müvəqqəti ər müvəqqəti arvadını maddi cəhətdən təmin etmək məcburiyyətində deyil, qadın da onun mülklərinin varisi sayıla bilməz.
Siğə nikahının günah olduğunu deyənlərə qarşı əksini iddia edənlərin cavabı budur: “Kişi uzun müddətli iş səfərlərinə, döyüşlərə gedirdisə, ehtiyacını halal yolla ödəmək üçün bu güzəşt verilib. Eyni zamanda ərzis qadınların da bu yolla zina etmədən cinsi tələbatı ödənmiş olub”.
İslam tarixçilərinin, xüsusən şiələrin iddialarına görə, müsəlmanlıq yeni yaranarkən siğə nikahları geniş yayılsa da, xəlifə Ömərin dövründə bu qayda ləğv olunub.
Siğə nikahını pozmaq ənənəvi nikahı pozmaqdan daha asan olduğundan, bir çoxları bu metoddan istifadə ediblər.
Bu əslində bir çox müsəlmanların həm öz fiziki tələbatlarını, həm də vicdanlarını sakitləşdirmək yoludur desək, yanılmarıq.
Sünni təriqətində siğə nikahı yolverilməz olsa da, şiələr üçün bu qəbulediləndir.
Bəzi şiələr uzun siğənin haram olması barədə müzakirələrə maraqlı cavab verirlər - Toyuğu kəsməzdən öncə müəyyən dua oxunursa o halal, oxunmursa, haram sayılır. Kişi-qadın münasibətləri də, Allahı şahid götürərək qurularsa, halaldır.