Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR
06 aprel 2023 20:15 (UTC +04:00)

Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR

Bu gün Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirib. Tədbirdə xalq arasında yayılmış 200-ə yaxın mahnı bayağı hesab edilib, 2000-dən çox musiqi əsərində nöqsanlar aşkarlanıb. Milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc edilib. 

Məsələn, İlkin Çərkəzoğlunun "Aparır, kayf aparır", "Bomba kayfda", "Kayfim zor olanda" mahnıları, Məhəmməd Fədanın "Zır kayfdayam bu gün", Rüzgarın "Yenə gedirəm", İlqar Dəniz, Orxan Eşqinin  "Nəşəni çəkdim, xumar apardı,  Sənan , Vəli və Arzunun "Bu da təzə temadır, yetim", Elçin Göyçaylının "Ley-pey olmuşam" mahnılarının qadağan edilməsi təklif olunub. 
Adlarından da göründüyü kimi, gənclərin beynini zəhərləyən bu tip mahnılar narkotik vasitələri və avara həyat tərzini təbliğ edir. Həmçinin meyxanaçı Pərviz Bülbülə, müğənni Şəbnəm Tapdıq,  Nüşabə Musayeva, Üzeyir Mehdizadənin oxuduqları mahnılar bayağı mahnılar hesab edilib.
Maraqlıdır ki, bayağı dediyimiz bu mahnıların hamısının baxış və dinlənmə sayı sosial şəbəkələrdə milyonlarladır. Onları dinləyən də, bayağı deyən də bu xalqın nümayəndələridir. Bəs bayağılığın standartı nədir? Bu müğənnilər özləri barədə deyilən fikirlərlə razılaşırlarmı?
lent.az mövzu ilə bağlı musiqi dünyasının bir neçə tanınmış siması ilə danışdı. 

Müğənni Şəbnəm Tovuzlu  verdiyi açıqlamada özünü bayağı müğənni hesab etmədiyini bildirib: “İfalarımıza qiyməti xalq verir. Xalq istəməsə, bizi ən əziz günlərində, toylarında, şənliklərində görmək istəməz, sevgi ilə qarşılamaz”.

Hər zaman ekstravaqant görünüşü və ifaları ilə fərqlənən bəstəkar - müğənni Elza Seyidcahan bildirib ki, o həvəskar deyil, ali təhsilli, peşəkar bəstəkardır, deyilənləri özünə aid hesab eləmir: “Kimsə mənim əsərlərimi başa düşmürsə, bu onun problemidir”.

Müğənni Əli Mirəliyev isə həmişəki kimi baltanı kökündən vurub: “Bu gün Əməkdar və Xalq artisti alan bütün təzə müğənnilər bayağı müğənnilərdir. Yaxşı oxuyanların heç birinin fəxri adı yoxdur. Bu adamları efirlərə buraxanlar cinayət işi görürlər. Pərviz meyxanaçıdı, müğənni də deyil. Qatıb qarışdırırlar. Bu siyahını tərtib etməkdə çox gecikiblər. Musiqimiz 100 il dala düşüb. Bundan sonra bilmirəm mədəniyyət nazirimiz necə işləyəcək, əsl musiqini tanıyacaq, anlayacaq ya yox?! Bu günə qədər bu işdə olmuş bütün məmurlar bu işi bilməyənlərdir. Polad Bülbüloğludan tutmuş bu günəcən nazirlərin hamısı musiqidən xəbərsiz adamlar olub. Polad Bülbüloğlu bəstəkardır, amma oxuyan deyil”. 

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də məsələyə münasibət bildirib:
“Biz neçə il öncə bu barədə deyəndə, danışanda deyirdilər qısqanclıq edirik. İllərlə mən və həmkarlarım bu barədə yazdıq, xahiş etdik ki, millətin zövqünü korlamayın. Dedik efirlərə verməyin. O zaman internet yox idi. Dinləyən olmadı, elə bildilər qərəzli niyyətimiz var. Təbliğ olundu.  Azərbaycan xalqının yeni nəsli bu təbliğat altında böyüyüb, bayağı mahnıların dinləyicilərinə çevrilib. İndən belə bu nəslə keyfiyyətli musiqi dinlətmək mümkün olmayacaq. Biz çox deyirdik, axırı pis olar, pis olar, oldu. Qorxduğumuz başımıza gəldi. İndi daha qadağalarla, efirdən çıxarmaqla öhdəsindən gələ bilməyəcəklər. İndi televizora baxan, radio dinləyən az sayda adam var. Hamının əlində telefon, internet vasitəsilə istədiyini dinləyə bilər. İnternetə qadağa qoymaq isə siyasi hadisə olardı.

Mən bir şeyə yanıram ki, bizi illərlə dinləmədilər. Günah təbliğat vasitələrində, konsert təşkilatlarındadır. Onlar artıq qulağı, zövqü şikəst nəsil yetişdirib. Bu nəslə artıq yaxşı musiqi dinlətmək mümkün deyil. Gərək gözləyək ki, 40-50 il sonra bu nəsillər ölsün, yeni gələn nəsillər  zövqü sağlam nəsillər olsunlar. Onu da əgər indi başlayıb, tərbiyə edə bilsələr”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10275
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar